Azərbaycanın Parisdə fəaliyyət göstərən Olimpiya Evində avqustun 5-də beynəlxalq taekvondo ailəsi ilə görüş olub. Tədbirdə Ümumdünya Taekvondo Federasiyasının prezidenti Çunq Von Çou və müxtəlif ölkələrin taekvondo federasiyalarının rəhbərləri iştirak ediblər.
Qonaqlar burada gənclər və idman naziri Fərid Qayıbov, nazir müavini Mariana Vasileva, Milli Olimpiya Komitəsinin baş katibi Azər Əliyevlə görüşüblər.
Görüş zamanı Ümumdünya Taekvondo Federasiyasının prezidenti Çunq Von Çou Azərbaycanda bu idman növünün böyük inkişafa nail olmasından danışıb:
“Azərbaycanda taekvondonun inkişafından çox razıyam. Sizin ölkə bizim idman növünə çox böyük diqqət və qayğı göstərir. Azərbaycan taekvondo üzrə bir çox mötəbər yarışlara ev sahibliyi edib. Sizin məktəbin yetirmələri bir çox nüfuzlu, dünya səviyyəli yarışların qalibi və mükafatçısı olub. O cümlədən Olimpiya Oyunlarının qalibi və medalçısı da olmağı bacarıb. Paris-2024 Olimpiya Oyunlarında taekvondo yarışlarından maraqlı və gərgin mübarizə gözləyirəm”.
Görüşdə Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva, Azərbaycan nümayəndə heyətinin şef de missionu Elnur Məmmədov, Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidentləri Hikmət Səmədov, Niyaməddin Paşayev və digər şəxslər də iştirak ediblər.