Rizvan Hilaloğlunu tanıyanlara və tanımayanlara dost söhbəti
Dost! Ata, ana kimi bu söz də bölünmür, elə Söz kəlməsi də. Sözdən söz çəkənlər yox, sözdən köz alıb ocaq qalayıb istisinə ailəsini isidən, aləmə nur saçan söz adamları, deyirlər ki, Tanrının yaratdığı ən qüdrətli, qüvvətli, sərvətli, mərhəmətli, səxavətlilər olublar. Bu ali insani keyfiyyətlərinə görə də seçiliblər, saylıblar, özlərini saydırıblar.
35 ildən də artıqdır ki, Sözlə qala yapanların yanında daxma qurmağa çalışmışam. Nəyə nal olmuşamsa, bilmirəm. Bildiyim odur ki, qələminə sadiqlər məni bu yolda büdrəməyə qoymayıblar. Kamil, peşəkar söz sahiblərindən oxuyub öyrəndiklərimi özümə əsl universitetdə alınan peşəkarlıq dərsi bilib, öyrənmişəm. Axı, harada, hansı kollektivdə çalışmışamsa, qismətimdən hamısı da peşəkarlar olublar, bu gün çalışdığım rəsmi dövlət qəzeti olan “AZƏRBAYCAN” kimi - başda Baş redaktorumuz, Əməkdar jurnalist, “Şöhrət” ordenli, Milli Məclisin deputatı, peşəkar qələm və söz sahibi olan Bəxtiyar Sadıqov kimi, kollektivimiz dövlətçiliyin keşiyində sədaqətli, saf sözləri ilə dayananlrdan ibarətdir. Onlardan biri də “bacıoğlu”luqdan daha çox, dost-qardaş simasını, kişilik xarakterini sevdirən Rizvan Hilaloğludur.
Sevilən “Səhər”dən başlayan yol
1990-cı illərdən müstəqil mətbuatın ilk qaranquşu hesab edilən, kütləvi tirajla buraxılması ilə yadda qalan, “20 Yanvar”ın əsl iç üzünü açıb dünyaya ilk göstərən, hərbi senzuranın kəsakəs vaxtlarında əməkdaşları qorxu-hürkü içərisində çalışan, əsaslı və inandırıcı informasiya qəzeti kimi sevilən “Səhər”dən mətbuat yolu başlayan Rizvan Hilaloğlu barəsində, əlbəttə, həmin qəzetin baş redaktoru olmuş, bu gün isə “Ahıl Jurnalistlər”in yolgöstərəni, başbiləni Məzahir Səhər, elə həmin nəşrin dadlı-duzlu yazılarının müəllifi, sonralar isə “Belə-belə işlər”lə Mirzə Cəlil, H.B. Zərdabi məktəbinin yetirməsi kimi tanınan, sevilə-sevilə oxunan, bu gün isə mətbuatdan bir az uzaq düşən, guşənişinində kəlbəcərsizlik dərdini gah qan ağlayan şeirləri, gah da həzin, ürəkdağlayan mahnıları, musiqiləri ilə baş-başa qalan peşəkar qələm adamı, Əməkdar jurnalist Hidayət Elvüsal, onların iş yoldaşları Nəsimi Həbiboğlu, Sənubər xanım Qasımova, Mahir Süleymanov, “Ədalət”də birgə çalışdığı, bu gün isə iş yodaşımız Daşdəmir Əjdəroğlu, adlarını çəkə bilmədiyim daha neçə-neçə dostları yaza bilərdi. Bəlkə də Daşdəmir Əjdəroğlu kimi, hər kəsi qabaqlayıb, ürək sözlərini yazıblar, yaxud da yazacaqlar. Buna Rizvan Hilaloğlunun mənəvi haqqı çatır. Bunu o, özü qazanıb. Yəni, Rizvan müəllimi bax elə “Səhər”in “gözü açılandan” tanıyıram.
“Xəbərçi”lərdən fərqli xəbər yazan
İnformasiya dili jurnalistikada çox da tez yiyələnilməyəndir. Məlumatı operativ və həm də yığcam şəkildə oxucuya emal edərək çatdırmaq jurnalistdən bir özgə məharət tələb edir: peşəkarlıq “Səhər”in, demək olar ki, əməkdaşlarının hamısı bu dilin sanki ayrıca bir məktəbini yaratmışdılar. O qəzetə qədər rəsmi, quru informasiya agentliklərinin “palaz-palaz” yazıları oxucuları sanki yormuşdu. Bəlkə də oxunmurdular. Lakin “Səhər” oxucularını xəbərə öyrətdi, müxbirlərini də “xəbərçi”liyə. Belə “xəbərçi”liyi bugünkülərin sözgəzdirməsi ilə qarışdırmaq olmaz.
Rizvan Cəfərov “Səhər”in “xəbərçi”lərindən olduğu üçün bu gün də “Azərbaycan”da “Dünya xəbərləri”nin əsas yazarlarından biridir. Dünyada baş verən maraqlı xəbərləri ana dilimizə çevirib, hər gün “Azərbaycan”ın çoxminlik oxucularına operativ şəkildə çatdırmaq missiyası da bilavasitə onun üzərinə düşüb.
Budur, Rizvan Hilaloğlunun “Səhər”dəki fəaliyyətindən bircə cümləni Məzahir Süleymanzadə nə gözəl ifadə edib: “Rizvan Hilaloğlu Şuşada əsgərlərimiz üçün sonuncu dəfə Novruz bayramı keçirən Azərbaycan jurnalistidir! Təbriklər, can sağlığı və uğurlar”!
Yalnız bu bir cümlə Rizvan müəllimin Vətənimiz və milli, müstəqil mətbuatımız üçün fəaliyyətinin bariz nümunəsidir. Bax, buna ustad fikri deyərlər.
Rizvan müəllimlə on ildir ki, eyni redaksiyada (bir müddət, hətta, eyni otaqda) çalışdıq. Bu gün də həmin dostluq, qardaşlıq, həmkarlığımız davam edir, təəssüf ki, koronavirus pandemiyası bizi müvəqqəti olaraq aralı salıb. Buna baxmayaraq, hərdən redaksiyada görüşür, “yaşmaqlı” olsaq da, dərd-sərimizi, uğur və nailiyyətimizi bölüşürük.
Maraqlıdır ki, o, yaşca böyüklərin də ağsaqqalı timsalındadır. Nədənsə, yaşından asılı olmayaraq, onu hər kəs özündən böyük, yolgöstərən bilir. İllərin sınağından çıxan, kimsənin qəlbini sındırmayan, qayğıkeş, diqqqətcil, sadə, səmimi, istiqanl olan Rizvan Hilaloğlunun dadlı-duzlu, sətiraltı eyhamları hər kəsi düşündürür və nəticə çıxarmağa vadar edir.
Zirvə ömrün 60-cı döngəsi və...
Xasiyyətcə də ağırtaxtalıdır, yerişində-duruşunda olduğu kimi. Sözü zarafatla elə deyər ki, incidiyini hiss eləməyəsən, sadəcə, ondan nəticə çıxardasan. İlk baxışdan adama elə gəlir ki, çox şeyə laqeyddir. Əslində isə elə deyil. Dostlara, tanışlara diqqətcildir. Çalışar ki, nədəsə dəstək olsun, əldən tutsun, işinə yarasın. Kollektivimiz də yaxşı bilir ki, Rizvan bacıoğluluqdan daha çox dostdur, yoldaşdır, həmkardır.
Rizvan Hilaloğlu! Əziz dostum! Dost, bildiyimiz qardaşdan da irəlidir, doğmadır. Dost dediyimiz kəs gərək sədaqətliliyi ilə seçilsin. Siz də bu xarakterinizlə sevimlisiniz, seçilirsiniz. Daim diqqət mərkəzindəsiniz. Bəlkə də bu kiçik yazımda Sizin layiq oldyuğunuz dəyəri ifadə edə bilmədim. Buna sözün qüdrəti lazımdır. Sözünüz qüdrətdən, özünüz dəyərdən düşməyəsiniz, amin!
60 insan ömrünün zirvəsi hesab olunur. Sizin də ömrünüzün zirvəsidir. Dağların zirvəsi daim dümağ olur. Sizi buna görə də uca dağa bənzirdlər - başınızın vaxtından çox-çox əvvəl ağarıb, bəyazlaşdığına görə. Demək, siz çoxdan zirvə ömrünü yaşayırsız. Bax, dünən ata, bu gün baba taxtında alnıaçıq-üzüağsınız. Ona görə də sevilirsiniz. Bunu mən otaq və iş yoldaşın kimi də duyuram. Bir çox məsələlərdə örnəksiniz. Qayğılar və problemlərlə keçən ömür yolunda büdrəmək də olur, hətta, yıxılmaq da. Siz, nə yaxşı ki, nə büdrəməmisiz, nə də yıxılmamısınız!
Görən bu 60 yaş nə gətirib ki...
Əziz qardaşım! Mətautdakı uzunillik, səmərəli fəaliyyətinizin bu il Azərbaycan Prezidenti cənab İlham Əliyevin məlum sərəncamı ilə “Tərəqqi” medalına layiq görülməsi (o sırada mənim də adımın olduğunu xatırlatmaya bilərəmmi?) bir qələm dostunuz və iş yoldaşınız kimi, məni də çox sevindirdi. Sevinclərimizi daim bölüşək, qardaş! Adətən, yubilyarlara mədhiyyə deyən, boğazdan yuxarı “söz xırdalamağa çalışan”lardan uzaq olasınız! Çünki elə təriflər təmənnalı olar, sonra isə peşmançılığını çəkmək zülmə çevrilər. Sizə sağlam can, bundan sonra da sadəlik, səmimilik arzulayıram. Tanrının verdiyi ömrü bugünədək KİŞİ kimi yaşamısınız. Bundan sonra da sağlam, gümrah, dərd-sərdən, qəm-qüssədən uzaq yaşamağınızı arzulayıram.
Mənim 50 illiyimdə (heç bir ad günümü Kəlbəcərdən sonra qeyd eləmədim) bir qələm dostum şair Ələmdar Quluzadənin şeirlərindən birini öz yazısına sonluq eləmişdi. Bütün təbriklər bir yana, o yazı mənim yaddaşıma yazıldı, çünki tam səmimi idi. Mən də sizə bundan sonra yaradıcılıq və ömür yollarınızda büdrəməməyi, şax qamətinizlə, ağır yerişinizlə, təmkininizlə addımlamağınızı arzu edirəm. Ana yurdunuz Qarabağa, Ağdama dönmək nəsibiniz olsun, amin!
Hə, bu arada, bir az da çox yazsam, məni bəziləri qınayacaq, bundan çəkinmirəm, sadəcə, hörmət əlaməti olaraq, sizi yormayım. Elə təbrikimizi yarımçıq saxlayım, qalanını, ardını 70-80-90-da əlavə edim. 100 illiyinizə sizə bir samballı yazı borcum olsun, inşallah! Mən də şairdən üzr istəyib həmin şeirin “50”sini “60” eləyib sizi şeir dili ilə təbrik etmək istərdim. De, bu şeiri özün üçün astadan pıçılda ki, başqaları eşitməsin:
Qazancından çoxdu qanı, qadası,
Yəhərli atı var, arabası var.
Sevinci, kədəri, odu, ədası,
Həm də altmış cür əlifbası var.
Əl gördüm, qalxanım, qılıncım idi,
İl gördüm, aylarım tiyandan çıxdı.
Saçımın ağlığı qaxıncım idi,
Üstəlik, 60 da bu yandan çıxdı.
O, tor kimi gəldi, o toran kimi,
Torpaq da, dəniz də yarıldı birdən.
Məni altmış ildə axtaran kimi,
60 yaş boynuma sarıldı birdən.
Ürəyim açılmır çiçəklər kimi,
Gördüyüm, sevdiyim nə var, sevinir.
Görən bu 60 yaş nə gətirib ki,
Doğmalar sevinir, dostlar sevinir?!
İndidən görürəm sözün savaşın,
Həftələr fikirli keçir izimdən.
Tənbehi təbrikdən çox olan yaşın
Bilmirəm əlindən hara qaçım mən.
Yaxamdan yapışır ağ da, qara da,
Kükrəyib üstümə dağ seli gəlir.
Bağrıma basdığım balalara da
Bəzən suallarım gülməli gəlir.
Köynəklə eyvana çıxa bilmirəm,
Həmin iki gözdür dalımca baxır.
Öpüşlü kinoya baxa bilmirəm,
Evdəki yaşımı başıma qaxır.
Bu yaşa çatanda hamı kövrəlib,
Neyləyim bu yaşın xoşuna gəlsin.
Məndən yaşlıların başına gəlib,
Məndən cavanların başına gəlsin…
Hörmətlə:
Məhəmməd NƏRİMANOĞLU