Futbol üzrə Portuqaliya milli komandasının və Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun hücumçusu Kriştian Ronaldo ardıcıl üçüncü dəfə dünyanın ən çox qazanan idmançıları siyahısında birinci yeri tutub.
Bu barədə "Forbes" məlumat yayıb.
Məlum olub ki, 2024-cü il mayın 1-dən 2025-ci il mayın 1-dək olan müddətdə 40 yaşlı portuqaliyalının gəliri 275 milyon dollar təşkil edib. Bu məbləğin 225 milyonu onun “Əl-Nəsr”dəki maaşı və müxtəlif bonuslar, daha 50 milyonunu isə sponsorluq müqavilələrindən əldə edib.
Reytinqdə ikinci yeri Milli Basketbol Assosiasiyasının (NBA) “Golden State Warriors” klubunun amerikalı basketbolçusu Stiven Karri (156 milyon dollar), üçüncü yeri isə Böyük Britaniyanı təmsil edən boksçu Tayson Fyuri (146 milyon dollar) tutub.
Argentina millisinin və Amerikanın “İnter Mayami” klubunun hücumçusu Lionel Messi son bir ildəki gəliri 135 milyon dollar olmaqla cəmi beşinci yerdə qərarlaşıb.