Səhər qəzeti

“Üç kitabın bir təqdimatı”

Tarix:Dünən, 21:34
Baxış Sayı:8

 

Yaxud “Xalq qəzeti”nin kitabxanası” zənginləşir

Mayın 13-də Azərbaycan Mətbuat Şurasının akt zalında Əməkdar jurnalist, on illər boyu “Xalq qəzeti”ndə çalışmış İttifaq Mirzəbəylinin təqaüdə çıxandan sonra ərsəyə gətirdiyi kitabların təqdimatı keçirilib.

Tədbirdə müəllifin 44 günlük İkinci Qarabağ müharibəsi dövründə qələmə aldığı yazılardan ibarət “And və əməl”, böyük ədib Əli Vəliyevdən bugünkü baş redaktor Əflatun Amaşova qədər olan dövrdə (ondan əvvəlki redaktorlar barədə ümumu məlumat verilib) “Xalq qəzeti” – “Kommunist”ə rəhbərlik etmiş görkəmli qələm sahibləri barədə qələmə alınmış məqalələrdən ibarət “Baş redaktorlarımız haqqında yazılanlar” və 1991-ci ildən sonra “Xalq qəzeti”ndə çalışıb dünyasını dəyişmiş həmkarlarımız haqqında xatirələrdən ibarət “Unudulmazlar redaksiyası” adlı kitablar təqdim olunub.

Qeyd olunub ki, bu kitabların birincisi ölkəmizdə Heydər Əliyev siyasətinin təntənəsinə nail olmuş Prezident İlham Əliyevin dövlət başçısı kimi ilk dəfə and içərkən söylədiyi “Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpasına nail olacağam” tezisinin günümüzün reallığına çevrilməsi haqqındadır. Kitabda verilmiş məqalələrin əksəriyyəti 44 günlük İkinci Qarabağ müharibəsi zamanı yazılmışdır.

“Xalq qəzeti”nin baş redaktoru Əflatun Amaşovun təşəbbüsü ilə ərsəyə gəlmiş “Baş redaktorlarımız haqqında yazılanlar” adlı ikinci kitab da müxtəlif illərdə yazılmış məqalələrin toplusudur. Burada qəzetin yarandığı gündən Əli Vəliyevə qədər olan dövr haqqında ümumi məlumat verilsə də, Əli Vəliyevdən sonrakı dövrdəki bütün baş redaktorlar haqqında görkəmli qələm sahiblərinin yazıları toplanmışdır.

“Unudulmazlar redaksiyası” adlı üçüncü kitabda isə müstəqillik dövründə “Xalq qəzeti”ndə işləmiş, fəqət, dünyasını dəyişmiş həmkarlarımız haqqında qələmə alınmış publisistik materiallar və xatirələr toplanmışdır.

Tədbirdə “Xalq qəzeti”nin baş redaktoru, hər üç kitabın layihə rəhbəri Əflatun Amaşov, kitabların redaktoru Qüdrət Piriyev, Mətbuat Şurasının əməkdaşları Əminə Yusifqızı, yazıçı-dramaturq Arif Mədətov, jurnalistlər Zərifə Bəşirqızı, Akif Cabbarov, Qalib Arif, Şəmsiyyə Kərimova, Bəradər Xanəliyev, Hacı Mehman Fərzullayev, Mübariz Süleymanlı, filologiya üzrə fəlsəfə doktoru Şəlalə Məhyəddinqızı, Əməkdar mədəniyyət işçisi Təranə Balayeva, eləcə də, 1991-ci ildən sonra “Xalq qəzeti”ndə çalışıb vəfat etmiş jurnalistlər Mahal İsmayıloğlu, Məmməd Nazimoğlu, Ziyəddin Sultanov, Ələsgər Cabbarov, Şakir Yaqubov, Hüseyn Əfəndi, Cavanşir Məmmədov və Emin İsayevin ailə, tərtibçi müəllifin tələbə yoldaşları Nüsrət Nəsirov, Rahibə Seyidova, İsgəndər Namazov, müəllifin gənclik dostu Əbülhəsən Əliyev və digər natiqlər çıxış edərək bu kitabların sözün həqiqi mənasında qədirbilənlik nümunəsi olduğunu söyləmişlər.

“Xalq qəzeti”nin baş redaktoru Əflatun Amaşov vurğulamışdır ki, bu il 150 yaşı tamam olan Azərbaycan mətbuatının tarixində qabardılmalı məqamlar onlarca, yüzlərcədir. Ona görə də biz İttifaq Mirzəbəylinin bu istiqamətdəki təcrübəsindən bəhrələnərək hələ bir neçə layihəni reallaşdıracağıq.

İlahə DAĞLI





Digər xəbərlər
XƏBƏR LENTİ