Putin İlham Əliyevə zəng edərək, üzr istəyib.
Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
"Rusiya prezidenti Vladimir Putin və azərbaycanlı həmkarı İlham Əliyev şənbə günü, dekabrın 28-də Qazaxıstanın Aktau şəhərində “Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğraması ilə bağlı məsələləri müzakirə ediblər.
Vladimir Putin faciəvi hadisənin Rusiya hava məkanında baş verdiyinə görə üzr istəyib, bir daha həlak olanların ailələrinə dərin və səmimi başsağlığı verib və yaralananların tezliklə sağalmasını arzulayıb. Söhbət zamanı qeyd olunub ki, ciddi qrafikə əməl edən Azərbaycan sərnişin təyyarəsi dəfələrlə Qroznı hava limanına enməyə cəhd edib. Bu zaman Qroznı, Mozdok və Vladiqafqaz Ukraynanın döyüş pilotsuz uçuş aparatları tərəfindən hücuma məruz qalıb və Rusiyanın hava hücumundan müdafiə sistemləri bu hücumları dəf edib.
Rusiya İstintaq Komitəsi Cinayət Məcəlləsinin 263 (hərəkət təhlükəsizliyi və hava nəqliyyatının istismarı qaydalarını pozma) maddə ilə cinayət işi açıb. İbtidai istintaq hərəkətləri aparılır, mülki və hərbi mütəxəssislər dindirilir.
Hazırda Azərbaycan Baş Prokurorluğunun iki əməkdaşı Qroznıdadır və orada Rusiya Federasiyası Baş Prokurorluğunun və İstintaq Komitəsinin nümayəndələri ilə birgə işləyirlər. Rusiya, Azərbaycan və Qazaxıstanın müvafiq xidmətləri Aktau şəhəri yaxınlığında baş vermiş təbii fəlakət yerində sıx əməkdaşlıq edir.