Səhər qəzeti

İnsanların qorxu və ümidlərindən istifadə edən şarlatanlar: “Psixoloq”, yoxsa falçı?

Tarix:Bu gün, 09:14
Baxış Sayı:0

 

Sosial şəbəkələrdə özünü psixoloq adlandıran bir qadının pasienti ilə bağlı verdiyi açıqlama gündəmi silkələdi. Belə ki, həmin psixoloqun verdiyi açıqlamaya görə, Bakıda hansısa qadın 16 yaşlı oğlu ilə cinsi münasibətdə olduğunu etiraf edib. Onun bu açıqlaması insanlar tərəfindən hiddətlə qarşılandı.

Sosial şəbəkə istifadəçiləri qız övladına təcavüz edən atalara ağır cəza verildiyi kimi, həmin qadına da cəza verilməsini tələb edirlər. Bəziləri isə psixoloqun bunu gündəmə gəlmək üçün danışdığını və bu səbəbdən də cəzanın məhz onun özünə verilməli olduğunu bildirirlər.

Bütün bu qınaqlardan sonra həmin psixoloq yenidən açıqlama verərək hadisə barəsində onun inboksuna bir qadının yazdığını və onu müalicəyə dəvət etdiyini qeyd edib. Psixoloq həmçinin məqsədinin qalmaqal yaratmaq deyil, anaları maarifləndirmək, oğlan uşaqlarının yanında davranışlarına fikir vermək, iki yaşından sonra yataqlarını ayıtmaq lazım olduğunu və s. deyərək özünə bəraət qazandırmağa çalışıb.

Ümumiyyətlə, son zamanlar bu tip qalmaqallı çıxışları ilə gündəmi zəbt edən və bu yolla məşhurlaşan psixoloqların sayı həddindən artıq çoxalıb.

Həmin psixoloqlar demək olar ki, falçıları xatırladır və onlar kimi insanları hipnoz edərək pullarını mənimsəməyi bacarırlar. Araşdırdıqca, qəbulu ən azı 50 manatdan başlayan bu cür dırnaqarası psixoloqların ali təhsilinin belə olmadığı üzə çıxır. Qəbuluna gələn pasientinə daha da pis təsir göstərən bu işbazlar insanları soyub-talayırlar. Nəticədə isə xəstənin fiziki və psixi sağlamlıq durumu ağırlaşır. Eynilə falçılar da belədir. 21-ci əsrdə yaşamağımıza baxmayaraq hər çətinlikdə falçı yanına qaçan, onlardan kömək uman insanlar bu gün də az deyil. Bir balaca sıxıntıya düşən kimi cahil insanlar günahı özgələrdə görür, onlara dua-cadu olunduğunu zənn edərək falçılara üz tuturlar. Falçılar isə onların zəif tərəfindən istifadə edərək, müraciət edən şəxsləri soyub soğana çevirirlər.

Maraqlıdır, görəsən insan düşdüyü vəziyyətdən özünü çıxara bilmək gücünə malik deyilmi? Ümumiyyətlə, insanlara psixoloq lazımdırmı? Cəmiyyəti yalançı, şarlatan psixoloqlardan, hiyləgər falçıların dələduzluğundan necə xilas etmək olar?

Mövzu ilə bağlı danışan millət vəkili, ilahiyyatçı Ceyhun Məmmədov bildirdi ki, ümumiyyətlə cəmiyyətdə belə halların baş verməsi heç də ürəkaçan deyil:

“Bu, çox narahatlıq doğuran bir məsələdir. Bu istiqamətdə dövlət qurumları ciddi addımlar atır və məsələ ilə bağlı açıqlamalar verilir”.

Millət vəkili psixoloqun vacibliyi məsələsinə gəlincə, qeyd etdi ki, dünyanın müxtəlif ölkələrində insanlar psixoloqlara üz tuturlar:

“İnsanlar mütəmadi olaraq psixoloqlara üz tutur və bu, artıq bir mədəniyyət kimi formalaşıb. Ancaq seçim edərkən diqqətli olmalı və düzgün seçim etməlidirlər. Düzgün seçim olmadığı təqdirdə heç şübhəsiz ki, biz belə halların baş verdiyini görəcəyik. Eyni zamanda insan özü də güclü olmalıdır. Ən güclü psixoloq insanın özüdür və özü-özünü motivasiya etməyi bacarmalıdır. Ən zəruri hallarda insan psixoloqa üz tuta bilər. Burda insanların özündən də qaynaqlanan məsələlər var. Amma bütün hallarda insanlar özlərini qorumalı və seçimlərini düzgün etməlidirlər”.

Klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfovun sözlərinə görə, insanların şəxsi məlumatlarının ictimailəşdirilməsi psixoloq peşəsinin təməl prinsiplərinə, yəni məxfiliyə tamamilə ziddir:

“İnsanlar bəzən öz daxili güc və resurslarını istifadə edərək problemlərini həll edə bilər, lakin müəyyən hallar baş verəndə psixi sağlamlıq mütəxəssisinə müraciət etməkləri tövsiyə olunur. Uzunmüddətli stress, travma, depressiya və ya digər psixoloji pozuntular xüsusi peşəkar yardım tələb edir. Psixoloqlar elmi əsaslı metodlardan istifadə edərək insanlara problemlərinin kökünü başa düşməyə, müvafiq bacarıqlar qazanmağa və çətinliklərin öhdəsindən gəlməyə kömək edirlər. Psixoloq peşəsi, digər sahələrdə olduğu kimi, mütəxəssis biliyi tələb edir və onun rolu insanların psixoloji sağlamlığını yaxşılaşdırmaqdır. Psixoloq peşəsi elmi təhsilə və peşə etikası normalarına əsaslanır. Özünü psixoloq adlandıran, lakin bu peşənin elmi və etik standartlarına uyğun olmayan şəxslər psixologiya sahəsinin nüfuzuna xələl gətirir. İnsanların şəxsi məlumatlarının ictimailəşdirilməsi və ya manipulyasiya edilməsi psixoloq peşəsinin təməl prinsiplərinə, yəni məxfiliyə və hörmətə tamamilə ziddir”.

Psixoloq onu da əlavə etdi ki, falçılar və saxta psixoloqlar daha çox insanları manipulyasiya edərək, onların qorxuları və ümidlərindən istifadə edir:

“İnsanların çətin vəziyyətdə falçılara və saxta psixoloqlara üz tutması çox vaxt çaşqınlıq və ümidsizliklə bağlıdır. Falçılar və saxta psixoloqlar insanların qorxularından, cəhalətindən və zəif anlarından istifadə edirlər. Bu kimi hallarda, həmin şəxsləri açıq şəkildə qınamaq və cəmiyyətə onların peşəkar olmadığını göstərmək lazımdır. Əks halda, insanlar bu cür dələduzlara inanaraq həm maddi, həm də mənəvi zərər görməyə davam edəcəklər. Cəmiyyəti saxta psixoloqlardan qorumaq üçün hüquqi və maarifləndirici istiqamətlərdə fəaliyyətlər aparılmalıdır. Geniş maarifləndirmə kampaniyaları ilə insanlara həqiqi psixoloji yardımın nə olduğu izah edilməlidir.

Saxta psixoloqların və falçıların fəaliyyətini məhdudlaşdırmaq üçün qanunlar sərtləşdirilməlidir. Aidiyyəti qurumlar tərəfindən qanunvericilik səviyyəsində saxta psixoloji yardım göstərən şəxslərə qarşı daha sərt tədbirlər görülməlidir. İnsanlara peşəkar psixoloji yardımın nə olduğunu, onun necə işlədiyini və kimlərin bu xidməti göstərməyə haqqı olduğunu öyrətmək lazımdır. Mediada və ictimai tədbirlərdə geniş maarifləndirmə kampaniyaları bu işdə vacib rol oynaya bilər. Saxta psixoloq və falçıların media vasitəsilə reklam edilməsi qadağan edilməli, ictimai şüur artırılmalıdır. İnsanlar psixoloji sağlamlığa ciddi yanaşmalı və psixoloji yardım axtararkən diqqətli olmalıdır”.

Ölkə gündəmini zəbt edən hadisədən xəbərdar olduğunu vurğulayan ilahiyyatçı Ağa Hacıbəyli hadisəni eşidəndə dəhşətə gəldiyini bildirdi:

“Cəmiyyətdə mənliyi, imanı, qeyrəti, əqidəsi olan hər kəs bu hadisəni eşidəndə alt-üst oldu. Bu çox dəhşətli və təhlükəli bir hadisədir. Çox istərdim ki, həmin psixoloqun söylədiyi biabırçılıq bir daha təkrarlanmasın. Yəni dırnaqarası bir ananın övladı ilə törətdiyi biabırçı əməl faciə üstündən bir faciədir. Yox, əgər gündəm xətrinə uydurulmuş bir yalandırsa, o zaman həmin psixoloq barəsində ölçü götürülməlidir. Çünki dini aspektdən bu məsələyə yanaşdığımız zaman görərik ki, İslam dini insanların mənəvi və maddi rifahı üçün çox ideal yolları təqdim edir. İnsanın xoşbəxtliyi naminə, onun səadətə qovuşması üçün yer üzündə olan bütün vasitələri həyata keçirər. İnsanlara Rəbbinə qovuşacağı günə qədər sağlam düşüncədə, sağlam ruhda və sağlam bədəndə olmasını şiddətlə tövsiyə edir. Bu baxımdan deyə bilərik ki, psixologiya elminə də bir çox xüsusi peşəkar mütəxəssislərin verdiyi tövsiyələr var. Bunlar normal, qarşılanır və normal görünür. Amma dediyiniz kimi, “saxta” sözü bir psixoloqun, bir həkimin, bir vəkilin qarşısına gəlirsə, artıq burada qeyri-bərabərlik ortaya çıxır. Bu o deməkdir ki, artıq bu adam yarımçıqdır. Son illərdə aparılan müşahidələr onu göstərir ki, ölkəmizdə də ifadə etdiyiniz saxta, peşəkar olmayan kifayət qədər dırnaqarası psixoloqlar və onların qapısını döyən yüzlərlə insanlara var. Baş verən hadisələr onu göstərir ki, hələ də bu sahə üzrə bizdə kifayət mütəxəssislər yoxdur”.

İlahiyyatçının sözlərinə görə, falçılıq İslam dininə, ümumiyyətlə, bütün səmavi düşüncəyə, səmavi dinlərə həmişə müxalif olub:

“Falçılığa gəlincə onu deyə bilərəm ki, bu sahənin ümumi tacirləri həmişə cəmiyyətdə olan boşluqdan sui-istifadə edib, insanların zəif nöqtəsindən vurmuşlar. Onların alnının tərini, zehin tərini mənimsəmişlər. Ötürdükləri yanlış, hiyləgər və məkrli məlumatlarla insanları aldatmış, yoldan çıxarmışlar. Onlar xüsusən daha çox qeybi məsələləri qabağa çəkirlər. Biz bilirik ki, “Quranı-Kərim”in bir çox ayələrində, özəlliklə “Cin” surəsinin 26-cı ayəsində deyilir ki, gizli olanları Allah bilir. Və bunlar da məhz o sirli tərəfə, insanların qeybi ilə bağlı beş gün, on gün və yaxud bir il sonra nə baş verə biləcəyini bildiklərini iddia edən varlıqlardır. Allahın rəsulu, sevgili peyğəmbərimiz hədisində buyurur ki, bir falçının qapısına getmək göydən mənə enəni inkar etməkdir. Yəni bir falçıya müraciət etmək bir müşrikə müraciət etmək qədər ağır günahdır.

Bunun üçün üstümüzə düşən vəzifə təbii ki, təbliğatların sayını artırmaq, maarifləndirməni daha da çoxaltmaqdan ibarətdir. Çünki Allahın kitabında da deyilir ki, siz insanları hikmətlə doğru yola dəvət edin. Bizim də vəzifəmiz insanları doğru yola yönəltmək, cəmiyyətimizin saflaşması istiqamətində addımlar atmalıyıq. Heç vaxt deməməliyik ki, artıq biz dəyərlərimizi itirdik, milli dəyərlərimizdən əl çəkək. Biz heç vaxt milli və dini dəyərlərimizdən əl çəkən deyilik. Bu iki dəyər bizim əslində mənəviyyatımızı formalaşdırıb, bizim gələcəyimizi şəkilləndirir və həm də keçmişdən günümüzə qədər axıb gələn bir məna qaynağımızdır. Bizim üçün bu dəyərlərimiz bir xızır çeşməsidir. Odur ki, bu keçmədən insanlarımız nə qədər çox içərsə o qədər oyanmış olar. Yanlışlara düşməz, xətalar səhvlərlə yol verməzlər”.

Digər xəbərlər
XƏBƏR LENTİ