"Süni intellekt kənd təsərrüfatı sektorunda səmərəliliyin artırılması, enerji sektorunda resurs istifadəsinin optimallaşdırılması və nəqliyyat sektorunda avtomatlaşdırmanın təkmilləşdirilməsi kimi müxtəlif texnoloji tətbiqlərə də imkan verir".
Bunu açıqlamasında ekspert Fərid Əliyev deyib.
Onun sözlərinə görə, iş yerlərində prosesləri avtomatlaşdırmaqla səmərəliliy artacaq və insanların diqqətini daha strateji vəzifələrə yönəltməyə imkanı yarana bilər:
"Günümüzdə texnologiyanın sürətli inkişafı ilə süni intellekt texnologiyaları həyatımızda mühüm yer tutmaqdadır. Artıq bu texnologiya bir çox sektorlarda istifadə edilərək insan həyatını asanlaşdırmaq və yeni texnologiyaların inkişafına töhfə vermək potensialına malikdir. İş yerlərində prosesləri avtomatlaşdırmaqla səmərəliliyi artırır və insanların diqqətini daha strateji vəzifələrə yönəltməyə imkan verir. Məsələn, müştəri xidməti yönümlü iş yerlərində süni intellekt müştərilərə avtomatlaşdırılmış cavablarla sürətli və effektiv dəstək verir. Eyni zamanda, süni intellekt kənd təsərrüfatı sektorunda səmərəliliyin artırılması, enerji sektorunda resurs istifadəsinin optimallaşdırılması və nəqliyyat sektorunda avtomatlaşdırmanın təkmilləşdirilməsi kimi müxtəlif texnoloji tətbiqlərə də imkan verir. Süni intellektin səhiyyə sektoruna da böyük təsirləri mövcuddur. Tibbi xidmətlərin təhlilində diaqnostika prosesini sürətləndirir və dəqiqliyi artırır. Digər mühüm istifadə sahəsi isə müdafiə sənayesidir. Müdafiə sənayesində süni intellekt qərar qəbuletmə və avtonom sistemlər üçün əsas komponent kimi istifadə olunur".
F.Əliyev süni intellektin mənfi təsirlərinin öhdəsindən gəlmək üçün daha diqqətli idarə etməli olduğumuzu vurğulayır.
"Süni intellekt təhsil, maliyyə, marketinq, hüquq və elektron ticarət kimi bir çox sektorda da istifadə olunaraq, iş proseslərinin optimallaşdırılmasına və innovativ həllərin inkişafına töhfə verir. Məsələn, maliyyə sektorunda istifadə edilən süni intellekt texnologiyaları fırıldaqçılığın aşkarlanması, risklərin və portfelin idarə edilməsi kimi sahələrdə böyük faydalar göstərir. Süni intellektin texnoloji inkişaflara təsiri təkcə iş dünyası ilə məhdudlaşmır. Gündəlik həyatımızı asanlaşdırmaq üçün bu texnologiyalar ilə qarşılıqlı əlaqədə olduğumuz bir çox alət və cihazlar da mövcuddur.
Demək olar ki, süni intellekt bu gün hər sektorda istifadə olunur və onun təsirləri getdikcə artır. Süni intellekt bir çox üstünlüklərə malik olsa da, şübhəsiz ki, bununla bağlı bəzi narahatlıqlar və risklər də mövcuddur. Özlüyündə kiberhücumlar və məlumat oğurluğu kimi problemlərə səbəb ola bilər. Bundan əlavə, iş yerlərinin avtomatlaşdırılması və insanlarla əvəzlənməsi kimi vəziyyətlər işsizlik problemini də artıra bilər. Süni intellektin mənfi təsirlərinin öhdəsindən gəlmək və riskləri minimuma endirmək üçün onu diqqətlə idarə etmək lazımdır", - deyə ekspert qeyd edib.