Payız və qış mövsümü qrip kimi viruslu xəstəliklərin yayılmasının pik dövrləridir. Yoluxan şəxs adətən ailə üzvlərinə də virus ötürür. Bəs bunun qarşısını almaq mümkündürmü?
Tanınmış rusiyalı terapevt Olqa Çistik bununla bağlı tövsiyələrini verib.
Onun sözlərinə görə, ideal olaraq qrip xəstəsi ayrı, yaxşı havalandırılan otaqda yerləşdirilməlidir.
"Xəstə insanın qab-qacağı, məişət əşyaları və şəxsi gigiyena vasitələri mütləq ayrı olmalıdır. Ona ailə üzvlərindən yalnız biri qulluq etməlidir, uşaqlar, ya immuniteti zəif olanlar xəstəyə və onun toxunduğu əşyalara yaxın buraxılmamalıdırlar. Sağlam ailə üzvləri ilə təmas zərurəti yarandıqda, xəstə insan təmas müddətində birdəfəlik maska taxmalıdır. Diqqət edin ki, məhz xəstə, sağlam insanlar yox. Maska hər 30 dəqiqədən bir dəyişdirilməlidir", - deyə terapevt bildirib.
"Dəsmallar və yataq dəstləri digər paltarlardan ayrı, yüksək temperatur rejimində yuyulmalıdır. Qablar da isti su ilə, imkan varsa, qabyuyan maşında yüksək temperatur rejimində yuyulmalıdır", - deyə həkim izah edib.
O bildirib ki, xəstənin olduğu otaq gündə ən azı iki-üç dəfə havalandırılmalıdır.
"Lakin mənzilin qalan hissəsini də unutmaq olmaz: hava qapalı mənzildə sirkulyasiya etdiyi üçün oranı da havalandırmaq lazımdır. Həmçinin, xəstənin olduğu otaqda rahat temperatur rejiminə əməl etmək lazımdır - həddindən artıq isti hava virusların çoxalmasını stimullaşdırır. Mümkün olduqda hava nəmləndiricisindən istifadə etmək lazımdır - öskürək olduqda kifayət qədər nəmləndirmə xəstənin vəziyyətini yüngülləşdirəcək", - deyə terapevt qeyd edib.
Soyuqdəymənin profilaktikası üçün həkim, həmçinin gün ərzində bir neçə dəfə burunu duz məhlulları ilə yumağı, boğazı antiseptik məhlullarla qarqara etməyi məsləhət görüb.
Payız və qış mövsümündə immuniteti dəstəkləmək üçün Çistik sutkada ən azı səkkiz saat yatmağı, düzgün qidalanmağı və lazım gəldikdə vitamin çatışmazlığını aradan qaldırmağı tövsiyə edib.