Qərb media qurumlarının hazırladığı sənədli filmdə Avropa İttifaqındakı erməni lobbiçilərinin rüşvət müqabilində necə qanunsuz fəaliyyətlər həyata keçirdikləri üzə çıxıb.
Avropa İttifaqına (Aİ) yaxınlığı ilə tanınan “EU Reporter” nəşri sensasion sənədli film yayıb. Film Kanadanın İctimai Yayım orqanı "CBC" ilə birgə hazırlanıb.
Filmdə Aİ-nin Azərbaycana münasibətinin Ermənistanın lobbiçilik fəaliyyətindən təsirləndiyi barədə məlumatlar yer alıb. Lobbiçilik fəaliyyətinin mərkəzində kommersiya əlaqələrinə görə dəfələrlə cinayət məsuliyyətinə cəlb edilmiş almaz qaçaqmalçısı Kaspar Karampetyan dayanır.
Filmdə Aİ üzvlərini Ermənistana tez-tez aparan adın Karampetyan olduğu qeyd olunur: “Avropa İttifaqı qurumları Azərbaycan və Ermənistan arasında güclü sülh və barışıq layihəsi üçün çalışarkən, qitədəki erməni lobbisi bu səyləri baltalayır”.
Filmdə 2022-ci ildə rüşvətxorluq və qeyri-qanuni ticarət əlaqələri ilə sarsılan və Avropa Parlamentinin vitse-prezidenti də daxil olmaqla dörd Aİ siyasətçisinin həbsi ilə nəticələnən prosesdə erməni lobbisinin iç üzünün üzə çıxması ilə bağlı məlumatlar da yer alıb.
Sözügedən dövrdə Avropa İttifaqında çətir erməni lobbisi olan “Ədalət və Demokratiya uğrunda Avropa Erməni Federasiyası” (EAFJD) və Avropa Parlamentində “erməni dostluq qrupu”nun avropalı siyasətçilərə rüşvət verdikləri üzə çıxıb.
Bunlarla yanaşı bildirilir ki, Karampetyan bir tərəfdən Belçikadakı erməni mafiyasının lideri, digər tərəfdən isə Azərbaycanın işğaldan azad etdiyi Qarabağda separatçı rejimin idarəçilərini qoruyan şəxsdir. Sənədli filmdəki məlumata görə, Karampetyan Ermənistandakı separatçı təşkilatlar üçün də tez-tez ianə toplantıları təşkil edir və silahlı qruplaşmalara milyonlarla dollar gəlir göndərir.
Filmdə Aİ mərkəzli strukturun da hər fürsətdə Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyinə qarşı toplantılar keçirdiyi bildirilir.
Filmdə danışan naşirlər, jurnalistlər və tədqiqatçılar da vurğulayırlar ki, sözügedən lobbi Ermənistanın İkinci Qarabağ müharibəsində törətdiyi insanlığa və müharibəyə qarşı cinayətlərin Aİ qarşısında “ört-basdır edilməsində” intensiv fəallıq nümayiş etdirir.