Səhər qəzeti

Daha bir "Səhər"çinin ürək sözləri

Tarix:7-08-2024, 11:27
Baxış Sayı:41

 
Avqustun 4-də, çox-çox uzaq keçmişdə, 35 il bundan əvvəl "Səhər" adlı bir qəzet dünyaya gəldi. Bu elə bir vaxt idi ki, insanların informasiyaya, məlumata çox böyük ehtiyacı vardı. Xalq xəbər aclığı keçirirdi. Və gündəlik çıxan "Səhər" gəlişi ilə bu aclığı aradan qaldırmağa çalışdı. 1988-ci ildən bəri xalqımızın başına açılan oyunları, Rusların törətdiyi 20 yanvar faciəsini, Xocalı soyqırımını, 1990-cı illərdə Qarabağda ermənilərin xalqımızın başına gətirdiyi oyunları dəqiq, düzgün, operativ şəkildə təkcə olkəmizdə deyil, bütün dünya ictimaiyyətinə çatdırmağa çalışıb. Bütün bu işlərdə qəzetin yaradıcısı və baş redaktoru Məzahir Süleymanzadə, adlı-sanlı jurnalistlər, yazıları ilə oxucuları ardınca aparan məşhur qələm sahibləri Hidayət Elvüsal, Şakir Yaqubov və "Səhər"in bütün cəfakeşləri gecə gündüz çalışırdılar. Qanlı 20 yanvar hadisələri zamanı ölkə iflic vəziyyətinə düşmüşdü. Radio-televiziya ruslar tərəfindən partladılmışdı. Heç bir mətbuat orqanı çıxmırdı. İnsanlar nə baş verdiyini bilmirdi. Belə bir vaxtda "Səhər" 2  milyon tirajla nəşr oldu. Xalq avtobuslarda, metroda, yollarda, köşklərdə "Səhər" axtarırdı.  Onu əldə eləmək üçün saatlarla növbəyə dururdu. 
 "Səhər"çılər doğma qəzetlərinin 35 illik yubileyini qeyd eləmək üçün bir yerə yığışdılar. Kollektiv "Qurd qapısı"nda toplaşdı.  Məzahir müəllimin, Şakir müəllimin, Çingizin ruhu da onlarla bir yerdə idi. Məkanları cənnət olsun.Qəzetin bu zəhmətkeş, cəfakeş üzvləri 35 il bundan əvvələ qayıtmışdılar həmin gün. Sanki heç qəzetin nəşri dayanmamışdı. Sanki yenidən hamı iş başında idi. Xatirələr bir-bir çözələnirdi. Bu tədbirin sevincinə sevinc qatan, onu daha da sanballı edən, mənalandıran AJB-nin sədri Elçin Şıxlının da iştirakı və "Səhər"in kollektivini Fəxri Fərmanla təltif eləməsi oldu. Təşəkkür edirik Elçin müəllim təşrif buyurub gəldiyinizə və bizə söylədiyiniz xoş sözlərə görə. 
  Çox arzulayırdıq ki, Hidayət müəllim də bu tədbirdə iştirak eləsin. Ancaq səhhəti ilə bağlı gələ bilmədi. Hidayət müəllim, allah sizə şəfa versin. Şakir müəllimin həyat yoldaşı Elminaz xanım, qəzetimizin çıxmasında zəhməti olan bir çox qonaqlar da iştirak edirdi. Tədbirimizin möhtəşəm, səviyyəli keçməsində isə "Səhər"in həqiqi mənada cəfakeşləri Süleymanın, mənim, Svetlananın, Rizvanın, Sənubərin, Mahirin, Seymurun, Nəsiminin, ... çıxışları səbəb oldu. Söylədikləri xatirələr bəzədi. İştirak edən qonaqlar da fikirlərini bildirdilər. Biz "Səhər"çilər fəxr edirik ki, yenə bir yerdəyik, "Səhər"in yetirməsiyik.
 
 Zemfira Müseyib qızı Ələkbərova

Digər xəbərlər
XƏBƏR LENTİ