Səhər qəzeti

HƏR SƏHƏRİMİZ “SƏHƏR”LƏ AÇILARDI...

Tarix:3-08-2024, 08:56
Baxış Sayı:73

“SƏHƏR”-35

Azad, müstəqil, qərəzsiz, informasiya zənginliyi ilə seçilmək “Səhər”çilərin amalı, məqsədi idi…

Azərbaycan mətbuatının tarixində “ƏKİNÇİ” qəzetinin əhəmiyyəti barədə çox yazılıb. Milli mətbuatımızın  “ƏKİNÇİ”si açdığı cığır yola çevrilənək neçə-neçə vətənpəvər qələm və söz adamlarımızın imzası tanındı və sevildi. Milli düşüncənin hakim olduğu qəzet elə bir ənənə yaratdı ki…
Belə dəyərli mətbuat vasitələrinin sayı illər sonra durmadan artsa da, ötən əsrin 90-cı illərində, sovet rejiminin kəshakəs  dövründə – “sön nəfəsində”, xalqımızın zülmət gecələrinin biri “SƏHƏR”lə açıldı. “SƏHƏR” adlı qəzet milli mətbuatımızın yenidən çiçəklənməsi xəbərini gətirdi. 
“SƏHƏR” qəzetinin oxucu görüşünə gəldiyi vaxtdan 35 il keçir. Düz 35 il bundan öncə bu qədər “qəzet bolluğu”undan şikayət də edilmirdi. Çünki beş-üç qəzet buraxılırdı ki, o da kommunist rejiminin diktəsi idi.
 Partiya və sovet  orqanlarının ideya və proqramlarının təbliğatçısı olan o zamankı mətbuat, əslində, xalqdan uzaq düşmüşdü. Belə qəzet və jurnallarda da yeni nəfəsə təsadüfi rast gəlinirdi. “Kommunist” qəzeti redaksiyasında da, sən demə, milli düşüncəli, vətənpərvər, istedadlılarımız az deyilmiş. Bunu da biz oxuculara “SƏHƏR” təqdim etdi: tanıtdı. 
“SƏHƏR” qəzeti nəinki mövzu baxımından tamamilə seçildi, hətta tərtibatı da oxucularının sayını çoxaldırdı. Mən əslində, milli mətbuatmızın, azad nəfəsli, milli düşüncəli olduğu üçün “SƏHƏR”i qaranquş hesab edirdim. Bu fikrimdə 35 ildən sonra da qalıram.
“SƏHƏR” qəzetinin oxucuları Kəlbəcərdə də az deyildi. Redaksiyasında çalışdığım “Yenilik” qəzetinin əməkdaşları da qəzetçilikdə yeni, vacib bir ənənənin  bünövrəsinin qoyulduğunu, əlbəttə, görür və bundan yararlanmağa çalışırdı. Doğrudur, bu, o zamanlar  çox da asan deyildi. Lakin “SƏHƏR” digər mətbuat orqanlarının da yolunda mayaka çevrilmişdi. Bir sıra qəzetlər də onun yolu ilə getməyə çalışır, informasiyaların çoxluğuna, zənginliyinə fikir verir, daha çox yer ayırırdı. Sovet diktaturasının  mətbuat üzərindəki senzura buna imkan verməsə də, “SƏHƏR” bir çox aşılmaz sədləri aşmış və arxasınca gələnlərə şərait yaratmışdı. Artıq bir  sıra respublika qəzetləri “SƏHƏR”dən “dərs  alır”, forma qalmaq şərti ilə, məzmunda dəyişikliklər edirdilər. “Gənclik”  jurnalı da buna misal idi.
“SƏHƏR”in bəxti gətirmişdi: onu oxucuarına sevdirən imzalarla zənginliyini hər sayında artrırdı ki, bu da  ona milyonlarla oxucu sevgisi qazandırmışdı.
“SƏHƏR” qəzetinin məşhur 2 milyonluq sayı dərc olunmazdan əvvəl redaksiya bəyanat da yaymışdı. “20 Yanvar” qırğınından dərhal sonra baş redaktor Məzahir Süleymanzadənin iş otağındakı hökumət telefonu vasitəsilə SSRİ-nin bütün müttəfiq respublikalarına çatdırılmış, Tbilisidən nüfuzlu beynəlxalq informasiya agentliklərinə göndərilmiş bəyanatda deyilirdi: “Bakı qan içində, bütün dünyadan təcrid olunmuş vəziyyətdədir. “SƏHƏR” qəzetinin əməkdaşları fövqəladə vəziyyət şəraitində öz həyatlarını təhlükə qarşısında qoyub materiallar hazırlayırlar. İndiki şəraitdə qəzet buraxmaq mümkün olmadığı üçün həmin materialları müxtəlif vasitələrlə xarici kütləvi informasiya vasitələrinə göndərməyə çalışırıq. Ümid edirik ki, dünya ictimaiyyəti günahsız xalqımıza qarşı törədilən vəhşilikdən xəbər tutacaq, öz etiraz səsini ucaldacaqdır”.
Maraqlıdır: “SƏHƏR” qəzetinin adı çəkiləndə hansı jurnalistlər yada düşür?
Məzahir Süleymanzadə bu suala 5 il bundan öncə belə cavab veriirdi: “ Bu gün – avqustun 4-də “SƏHƏR”in birinci nömrəsinin çapdan çıxmasının 30 illiyi tamam olur. Bu münasibətlə qəzetin bütün əməkdaşlarını və oxucularını ürəkdən təbrik edirəm! Şübhəsiz, hər səhərimizin “SƏHƏR”lə açıldığı günləri xatırlayanlar var. “SƏHƏR” haqqında kitablar, dissertasiyalar yazılıb, sənədli filmlər çəkilib. Hər halda, dönüb geriyə baxanda iftixar hissi keçiririk, Vətənimiz, xalqımız üçün çox çətin illərin sınağından şərəflə, peşəkarlıqla, üzüağ çıxmışıq. “SƏHƏR”in adının mətbuat tariximizə qızıl hərflərlə yazılmasında xidməti olan bütün əməkdaşlarımıza və oxucularımıza qəlbən “ÇOX SAĞ OLUN!” deyirik!
“SƏHƏR” haqqında danışanda və yazanda Məzahir müəllim “mən” ifadəsini çox işlətdiyini deyirdi. Əslində, burada təəccüblü heç nə yoxdur. O, həqiqətən “SƏHƏR”in yaradıcısı, birinci və sonuncu baş redaktoru oldu. Amma onun yazılarındakı “MƏN” qətiyyən “Məzahir Süleymanzadə” anlamına gəlmirdi. “SƏHƏR”dən danışarkən işlətdiyi “MƏN”, özü demişkən, Cəmil Əlibəyov, Rəfail Nağıyev, Hidayət Elvüsal, Şakir Yaqubov, Əhməd İsayev, Araz Qurbanov, Zülfüqar Rüfətoğlu, Elman Qədirov, Bəxtiyar Sadıqov, Akif Qəhrəmanlı, Etibar Etibarlı, Rafiq Hacıyev, Tahir Aydınoğlu, Vaqif Bəhmənli, Əfqan, Flora Sadıqlı, Aidə Məmmədova…deməkdir. Bu “MƏN”i Mehdi Alıyev, Nəsimi Həbiboğlu, Süleyman Qaradağlı, Rövşən Binnətli, Rizvan Hilaloğlu, Oqtay Məmmədov, Svetlana Şıxəliyeva, Zemfira Ələkbərova, Sənubər Qasımova, Mahir Süleymanov, Tofiq Yusifov, Zöhrab Əmirxanlı, Surxay Hüseynov, İmran Bədirxanlı, Şahin Abasəliyev, Rauf Umudov,Rasim Sadıqov, Dilavər Nəcəfov, Yavər Əsədov, Bəybala Bəybalayev, Azadə Hüseynova, İlhamə Qasımlı, Səriyyə Müslümqızı, Şamıl Sabiroğlu, Seyidağa Cabbarov, Ələskər Cabbarov, Şahin Əliyev, Amalya Qasımova, Şamama İsmayılova… demək idi. Özü də beləcə etiraf edirdi ki, Gözəl xanımlarımız Pərinaz, Sevda, Reyhan,Sofiya, Xuraman, Nailə, Ofelya, Sədilə, Dilarə, Siddiqə, sürücülərimiz Ramiz Abdullayev və Əzim kişi də bu “MƏN”in içindədir. 
Düz deyirdi ustad, ən böyük təbrik isə, şübhəsiz, “SƏHƏR”in sədaqətli oxucularına düşür. Çünki, “SƏHƏR”i yaşadan,  O məni “MƏN” eləyən onlar – hər səhərlərini “SƏHƏR”lə açanlar olub…
Baxın o, özündən daha çox “SƏHƏR”in səhifələrindən yaxşı tanıdığımız bir böyük jurnalist ordusunun “sıravi”sindən başlamış, “generalı”nadək hamısının adını çəkməyi özünə daha çox borc bilirdi.
Məzahir müəllimi mən həm də qısa bir müddətdə “Azərbaycan” qəzetində yaxından tanıdım. Bu insanın ali keyfiyyətlərini saymaqla qurtarmaq olmaz! 
Qayıdaq “SƏHƏR”li günlərimizə. Bütün bunlar “SƏHƏR”in  bəxti idi. O, Azərbaycann mətbuatının 70 illik sovetlər dövrünün “ənənələri”nin müsbət tərəflərini saxlamaqla, milli düşüncənin, azad, müstəqil  sözün, haqqın-ədalətin carçısına çevrilmişdi. 
Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən kitab nəşr etdirmək kimi bir şərəfli xidməti də layiqincə yerinə yetirən “SƏHƏR”çilər bu qəzetin  yaratdığı məktəbdən dərs aldıqlarıl üçün,  bu gün də harada çalışırsa, orada öz imzalarını yenə sevdirirlər.
Arzumuz budur ki, “SƏHƏR” bu “qəzet bolluğu”nda yenidən  oxucu görüşünə gəlsin. İnformasiya “bolluğu”nda boğulan cəmiyyətə “SƏHƏR” kimi qəzetə bu gün daha çox ehtiyac var. Bir-birinin xəbərlərini paylaşan saytlar onda bilərlər ki, informasiya əldə etmək üçün əziyyət çəkmək lazımdır.
“SƏHƏR” 35 yaşlı gənci xatırladır, baxmayaraq ki, onu sevə-sevə oxucu görüşünə gətirənlərin balaları artıq 35 yaşlıdırlar.
Qəzetin yaradıcısı, ilk və son baş redaktoru olmuş Məzahir SƏHƏRə Allahdan rəhmət, yazıb-yaradan əməkdaşlarına can sağılığı, yaradıcılıq uğurları diləyirik.

 

 



Məhəmməd NƏRİMANOĞLU,
“Yenilik-press” qəzetinin təsisçisi və baş redaktoru

Digər xəbərlər
XƏBƏR LENTİ