Azərbaycanda 4 min 64 uşaq autizm diaqnozu ilə əlillik təyinatı alıb.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən məlumat verilib.
Bildirilib ki, hazırda 18 yaşından aşağı əlilliyi olan 44 193 şəxs var. 2024-cü ilin ilk 8 ayında, ümumilikdə, 23 314 əlilliyi olan uşağa tibbi və sosial-psixoloji reabilitasiya xidmətləri göstərilib:
"Agentliyin tabeliyində ambulator, stasionar, onlayn və səyyar formada səmərəli reabilitasiya üsulları tətbiq edilən 4 uşaq reabilitasiya mərkəzi fəaliyyət göstərir. Mərkəzlərdən biri Şəmkir, biri Qəbələ, ikisi isə Bakı şəhərində yerləşir. Bu müəssisələrdə reabilitasiya planına uyğun olaraq uşaqların kompleks şəkildə müalicəsi aparılır.
Əlilliyi olan uşaqların reabilitasiya xidmətlərinə əlçatanlığını artırmaq məqsədilə "Rehabus" layihəsi fəaliyyət göstərir. Reabilitasiya avtobusları Bakı və Sumqayıt şəhərlərində əvvəlcədən təyin edilmiş gözləmə məntəqələrindən əlilliyi olan uşaqları (onları müşayiət edən yaxınları ilə birgə) götürərək Bakı şəhərindəki 2 saylı Uşaq Reabilitasiya Mərkəzinə çatdırır".
Qurumun məlumatında əlilliyi olan uşaqların reabilitasiyasında beynəlxalq təcrübəyə əsaslanan ippoterapiyadan istifadə olunduğu qeyd olunub:
"Bu terapiya üsulunun autizm spektr pozuntusu, daun sindromu, serebral iflic, nitq qüsurları, parkinson aşkarlanmış uşaqların sosial-psixoloji və fizioterapevtik reabilitasiyasında təsiri böyükdür".