Britaniyada alimlər gələcəkdə bəşəriyyəti məhv olmaqdan xilas etmək üçün insan genomunu yüksək dözümlüyə malik kristala yazıblar.
Bu yaddaş kristalı 5D adlanır, çünki məlumat üç məkan koordinatı parametri və iki optik parametr vasitəsilə kodlaşdırılıb.
Bildirilir ki, bu daşıyıcı milyardlarla il məlumat saxlaya bilər və saxlama şəraiti ekstremal olsa belə, məlumat itkisi riski yoxdur.
Bundan əlavə, 5D kristal 1000 dərəcə Selsiyə qədər temperaturlara, kosmik radiasiyaya və birbaşa zərbə təsirinə davam gətirə bilər.
Tədqiqatçılar bildiriblər ki, 5D kristal Avstriyadakı duz mağarasında olan "Bəşəriyyətin yaddaşı" arxivində saxlanılır.
Qeyd edək ki, 2014-cü ildə "Sautgempton" Universitetinin tədqiqatçıları tərəfindən ixtira edilmiş 5D kristal "Ginnesin Rekordlar Kitabı"na ən davamlı məlumat saxlama materialı kimi daxil edilib.