“Instagram” 18 yaşdan kiçik istifadəçilər üçün yeni məhdudiyyətlər tətbiq etdiyini açıqlayıb. “Gənc hesabı” adlanan tətbiq çərçivəsində azyaşlı istifadəçilərin məzmuna girişi və digər istifadəçilərlə qarşılıqlı əlaqəsi məhdudlaşdırılacaq.
Bu barədə “İnstaqram”ın sahibi “Meta”nın internet saytından açıqlama verilib.
Bildirilir ki, yeni hesablar ABŞ, Kanada, Böyük Britaniya və Avstraliyada sentyabrın 17-dən qüvvəyə minib. 2024-cü ilin sonuna doğru isə Avropa Birliyində qüvvəyə minəcək.
Səlahiyyətlilər yanvar ayından etibarən digər ölkələrlə yanaşı Türkiyədə də “gənc hesabı”nın istifadə edilməyə başlayacağını bildirib.
Yeni tədbirlər çərçivəsində “gənc hesabı” istifadəçilərinin hesabları avtomatik olaraq gizli olacaq. Beləliklə, yalnız istifadəçilər tərəfindən qəbul edilən izləyicilər paylaşdıqları məzmunu görə və onlarla əlaqə saxlaya biləcəklər.
Eyni zamanda 18 yaşından kiçik istifadəçilər yalnız izlədikləri insanlara mesaj göndərə biləcəklər. Bu proqramla “Instagram” yeniyetmələrin “Explore” və “Reels” sahələrində qarşılaşa biləcəkləri məzmunu da süzgəcdən keçirəcək. Beləliklə, zorakı və ya kosmetik məhsul reklamları kimi həssas məzmunlar bu yaş qrupu üçün daha az görünəcək.
Bu proqram 18 yaşdan kiçik istifadəçilərə vaxt xəbərdarlığı da verəcək. Bu çərçivədə gündə 60 dəqiqəni keçən istifadəçilərə tətbiqdən çıxmalarını bildirən bildirişlər göndəriləcək.
Onların hesabları 22:00-7:00 arasında "yuxu rejiminə" keçəcək. Bu müddət ərzində daxil olan bildirişlər susdurulacaq və mesajlara avtomatik cavab veriləcək.
Yetkinlik yaşına çatmayan istifadəçilərin valideynləri uşaqlarının parametrlərini idarə edə biləcəklər. Onlar övladlarının hansı məzmun başlıqlarını seçdiyini görə biləcəklər.
Valideynlər həmçinin övladlarının son bir həftədə hansı istifadəçilərlə mesajlaşdığını görə biləcəklər.