Ermənistan Prokurorluğu “Hayastan” fraksiyasının rəhbəri, keçmiş müdafiə naziri Seyran Ohanyanın oğlu Artur Ohanyanı 44 günlük müharibə zamanı Azərbaycan Silahlı Qüvvələrinin Lələ Təpə istiqamətində hücumunun qarşısını almaq üçün keçirilən uğursuz əməliyyata görə ittiham edir.
Istintaqa görə, bölmə komandiri A.O. (Artur Ohanyan) 6-7 oktyabr 2020-ci il tarixlərində səhlənkarlıq göstərərək xidməti vəzifələrini lazımınca yerinə yetirməməsi ağır nəticələrə səbəb olub.
Prokurorluğun məlumatına görə, Ohanyan oktyabrın 6-da Horadiz-Lələ Təpə istiqamətində hücuma keçmək və qırılmış müdafiə xəttini bərpa etmək barədə göstəriş alıb.
Lakin tapşırığın düzgün yerinə yetirilməməsi, bölmələr arasında qarşılıqlı əlaqənin olmaması, hərəkət qaydasının pozulması, qüvvələrin nizamsız bölüşdürülməsi, sonrakı planlamanın olmaması səbəbindən yerləşdirmə yerinə xeyli az sayda canlı qüvvə və texnika gəlib ki, bu da döyüş tapşırığının uğursuzluğuna səbəb olub.
Həmin proses çərçivəsində müəyyən edilib ki, bölmənin tabor komandiri polkovnik-leytenant G.A. döyüş tapşırığında iştirak etməkdən imtina edib, guya silah və sursatları sayıb. O, komandanlığından icazə almadan hücuma keçən batalyonu geri çəkib və əvvəlki mövqelərinə qaytarıb.
Digər batalyon komandiri G.M. tankla birlikdə tank əleyhinə xəndəyə aşdı. Və o, sağ-salamat xilas olsa da, yerində qalaraq bölməsi ilə hücumu davam etdirməkdən imtina edib.
Ohanyana qarşı “hərbi vəziyyət, müharibə və ya döyüş şəraitində xidmətə səhlənkar münasibət” maddəsi ilə cinayət işi başlanıb.
Qeyd edək ki, Ermənilər həmişə “Ohanyan müdafiə xətti” ilə fəxr edirdilər. Amma Azərbaycan ordusu bu müdafiə xəttini darmadağın etdi. Və məlum olur ki, Ohanyanın öz oğlu belə bu müdafiə xəttinin “üstünlüklərindən” yararlana bilməyib.