Səhər qəzeti

SƏN TANRI QİSMƏTİMSƏN

Tarix:12-03-2025, 10:43
Baxış Sayı:9


Lirik mahnı

 (Qızım Nərminə)


Tanrı səni qız deyil,
Oğul bəxş etdi bizə.
Ruzi-bərəkət oldun
Qızım, sən  evimizə.


Nənənin qucağında,
Babanın ağuşunda
Mışıl-mışıl yatırdın
Bapbalaca yaşında.


Dilində səslənmədi
Bir kərə ana sözü,
Bu halın gecə-gündüz
Yandırdı qəlbimizi.


İllər ötdü, böyüdün,
Anasan özün indi,
Bu gün Tanrı sevinci
Bax, sənin  qismətindir.


Nə atam var, nə anam,
Onların ətri -səndə;
Öp məni  anam kimi
Mən hər qəhərlənəndə.


Qartımış günahlarım
Edir ittiham məni,
Hifz et ilk nübarını
Candan artıq sevəni.


Sən Tanrı qismətimsən,
Darda  dayaqsan mənə!
Ömrümə işıq  saçan
Ən gur  mayaksan mənə!


Rasim Məmmədov

Digər xəbərlər
XƏBƏR LENTİ