"Azərbaycanla Ermənistan arasında danışıqlar prosesi ilə bağlı danışarkən demək lazımdır ki, sülh sazişi ilə bağlı iki komponent var".
Bunu jurnalistlərə açıqlamasında xarici işlər naziri Ceyhun Bayramov deyib.
O, birinci komponentin fiziki görüşlərdən ibarət olduğunu deyib:
"Təbii ki, fiziki görüşlərin özünün əhəmiyyəti var. Bu, danışıqlar prosesinin önəmli komponentidir. Biz fiziki görüşlər barədə danışırıqsa, Azərbaycanın belə böyük və mötəbər tədbirə ev sahibliyi etdiyini deməliyik. Görürsünüz ki, burada nə qədər xarici qonaqlar, nümayəndə heyətləri var. Burada əsas fokus COP-la bağlıdır. Təbii ki, fiziki görüşlər birmənalı olaraq dekabr ayından öncə mümkün deyil. Bununla bağlı konkret razılaşma yoxdur.
Bununla paralel olaraq, qeyd etmək istərdim ki, fiziki görüşlərdən başqa, Ermənistan və Azərbaycan arasında da layihələrin mübadiləsi həyata keçirilir. Yəni sənəd üzərində iş davam edir. Bu iş hazırkı dövrə qədər dayanmayıb. Oktyabr və noyabr aylarında da tərəflər arasında layihələr mübadilə edilmişdi".