Səhər qəzeti

Bu gün Mirsaleh Seyidovun 47 yaşı tamam olur

Tarix:23-09-2024, 11:35
Baxış Sayı:58

 

Cənab Nazir müavini Mirsaleh Seyidov haqqında yazmaq mənim üçün həm asan, həm də çətindir. Asandır ona görə ki, şəxsən onun tabeçiliyində xidmət etdiyim illər ərzində ona kifayət qədər bələd olmuşam. Çətindir ona görə ki, dəyərli insanlar haqqında yazmaq məsuliyyətli işdir, yazdığın gərək ona layiq olsun. Cənab Nazir müavini Seyid olmaqla Allah adamıdır. Bağışlamağı bacarır. Əminəm ki, nəsə xoşuna gəlməsə, güzəşt edər.


O kəslər ki, müqəddəsdirlər, əməli salehdirlər, onlar təkcə doğulduqları ölkənin yox, mənsub olduqları millətin yox, bəşəriyyətə məxsus insanlardır! Onların ürəyi bəşəri duyğularının yuvasıdır. Cox hörmətli Mirsaleh müəllim hər birimiz üçün günəşə çevrilib hər birimizə əvəssiz işıq, nur, xeyirxahlıq, bərəkət, halallıq, saflıq bəxş edir. Ot kökü üstə bitər deyiblər. Babası Seyid Miriş ağa kimi, cənab Nazir müavini Mirsaleh Seyidov cavan olsa da, özünü oturuşmuş, yaşlı adamlartək ağır təbiətli, kökü və qanı olan Mirİsmayıl ağa kimi ehtiyacı olanlara, kimsəsizlərə, yetimlərə əl tutur, səxavət kisəsinin ağzını həmişə açıq saxlayır. Mərd rəhbətimiz yaxşı bilir ki, illər uzunu qazandığı ad-san, etiqad, inam, ümid yeri, şan-şöhrət ona pənah gətirənlərin hər birinin ümid yeridir. Əlbəttə, Mirsaleh müəllim illərlə qazandığı hörmət-izzətini qoruyub saxlamağı şərəfli olduğu qədər də, çətin və məsuliyyətlə bacarmışdır.


Mirsaleh Miradil oğlu Seyidov 23 sentyabr 1977-ci ildə Sumqayıt şəhərində anadan olub. 1998-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bakalavr (fərqlənmə ilə), 2002-ci ildə isə magistr (fərqlənmə ilə) pilləsi üzrə bitirib. Danılmaz faktdır ki, 1994-cü ildə Bakı Dövlət Universitetinin hüquq fakultəsinə qəbul olunub, oranı bitirmək yüksək savad və bilik tələb edirdi. Cənab Nazir müavini da bu savad və biliyə sahib bir insandır. 2023-cü il iyul ayının 10-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı sərəncamla Ədliyyə Nazirinin müavini - Penitensiar xidmətin rəisi təyin edilib.


Çoxları Mirsaleh Seyidovu bəxti gətirən adam hesab edir. Amma bilmirlər ki, "bəxti" onun özü gətirib. Bəziləri elə bilirlər ki, onun arxasında duran "nəhənglər" var. Onun arxası isə yalnız özü və sidq ürəkdən inandığı Allahdır. O, Allahın sevimlisidir. Odur ki, Allah heç nəyini ondan əsirgəməyib.


O, rəsmi olaraq magistr dərəcəli hüquqşünasdır. Lakin tərəddüd etmədən demək olar ki, xidmət etdiyi və çalışdığı çox şaxəli bütün sahələrin alimidir. Odur ki, cənab Nazir müavini Mirsaleh Seyidov bütün sahələrdə onun professionallığı, bənzərsiz təşkilatçılıq, idarəetmə qabiliyyəti, üsulları, qoyduğu dərin izlər açıq-aydın görünür.


Mənim üçün o, ilk növbədə görkəmli şəxsiyyətdir. Bilərəkdən "görkəmli şəxsiyyət" yazmadım. Çünki mən bununla onun qabiliyyətini və istedadını çərçivəyə salardım. Mirsaleh müəllimin istedadı və bacarığı çərçivəyə sığan deyil. Amma əlbəttə, onun düşüncə tərzi, məntiqi, dərin zəkası fəlsəfədən qidalanır. Onun tükənməz enerjisinə yaxşı mənada həsəd aparmaq olar. O, vaxtının hər dəqiqəsinin qədrini bilir, başqaları kimi vaxt çatışmazlığından şikayətlənmir. Cənab Nazir müavini Mirsaleh Seyidov hərəkətlərindən, davranışından, göstərişlərindən, tapşırıqlarından əsl rəhbər təmkini, müdrikliyi duyulur. Mən onun kiməsə səsini ucaltdığını görməmişəm. Tapşırıqlarını, göstərişlərini elə tərzdə deyir ki, onları yerinə yetirməmək mümkün olmur. 


Hər bir əməkdaş üçün ən böyük xoşbəxtçilik rəhbərinə qarşı sevgi, hörmət duymaqdır. Mirsaleh müəllimin professionallığı, məsələnin araşdırmaq məharəti, fikrini aydın, səlis ifadə etmək qabiliyyəti, daha mühüm, vacib məsələləri ayırd etmək bacarığı, əsl rəhbərə xas olan xüsusiyyətləri hər bir Ədliyyə əməkdaşını valeh edir. Mirsaleh müəllimi fərqli edən cəhət onun düşüncə tərzi, istedadı, məntiqi, ensiklopedik biliyi, tükənməz enerjisi, universallığı, qətiyyəti, dönməzliyi və mübarizliyidir. O, hər şeyi düşünərək gündəliyə gətirir, odur ki, düşündüyündən heç vaxt geri çəkilmir. Əlbəttə, bu onun üçün həmişə asan olmur. O, öz qətiyyətini həmişə göstərməli olur.


Cənab Nazir müavini Mirsaleh müəllimi hamıya sevdirən əsas cəhəti onun insani keyfiyyətləri, ailəsinə, övladlarına münasibətidir. O, əsl Azərbaycan kişisinə nümunədir.


Mirsaleh müəllim varlığı ilə yaradıcı insandır. O, həyatının məğzini qurub yaratmaqda, həyatda bir iz qoymaqda görür. Onun hər şeyə fərqli baxışı və sözü var. Yüksək intellekti, biliyi, bacarığı, iti zəkası, dünyagörüşü hər şeyin mahiyyətini olduğu kimi açmağa imkan yaradır. Bu isə heç də hamı üçün əlçatan deyil. 


Cənab Nazir müavini haqqında yazmaqla, danışmaqla fikirlərimi bitirmək olmur, çünki onun haqqında geniş danışsam buna aylar və illər gərəkdir. Odur ki, fürsətdən istifadə edərək əziz və sevimli Rəhbərimizi, Ad günü münasibəti ilə öz adımdan və ailəm adından təbrik edirəm, Uca Allahdan ona uzun ömür, can sağlığı, bərəkətli və mənalı ömür, ailə xoşbəxtliyi, çətin və şərəfli peşəsində Azərbaycan Dövlətçiliyi naminə uğurlar arzulayıram.


Əli İbrahimov

Digər xəbərlər
XƏBƏR LENTİ