Səhər qəzeti

Alimlər koronavirus pandemiyasının başlanğıc nöqtəsini müəyyən etdilər

Tarix:21-09-2024, 08:38
Baxış Sayı:3

 

Avropa və ABŞ-dən olan beynəlxalq alimlər qrupu COVID-19 infeksiyasının ilkin mənbəyini müəyyən etmək məqsədilə genişmiqyaslı tədqiqat aparıblar. Məlum olub ki, qlobal pandemiyanın ocağı Çinin Uhan şəhərindəki dəniz məhsulları bazarı olub.

Bu barədə elmi işin nəticələri ABŞ-nin nüfuzlu jurnalı "Cell"də dərc edilib.

Tədqiqatçılar virusun genetik məlumatlarını təhlil edərək belə nəticəyə gəliblər ki, Uhan bazarında aşkar edilmiş SARS-CoV-2 genotiplərinin ümumi əcdadı pandemiyaya səbəb olan genotiplə eynidir. Bu, məhz Huanan bazarının ölümcül təhlükəli infeksiyanın bütün dünyaya yayılması üçün başlanğıc nöqtəsi olduğunu göstərir.

Alimlər, həmçinin narahatedici bir faktı aşkar ediblər. Uhan bazarında koronavirusa yoluxmağa meyilli olan məməlilərin qanunsuz satışı həyata keçirilib. Onların arasında əksəriyyəti koronavirusa yoluxmuş olan bambuk siçanları, yenot itləri və viveralar olub.

Xatırladaq ki, yeni koronavirusa ilk yoluxma halları 2019-cu ilin dekabrında Uhanda qeydə alınıb. Cəmi bir neçə ay ərzində infeksiya bütün dünyaya yayılaraq milyonlarla insanın həyatına son qoydu. İnsanların sağlamlığına və dünya iqtisadiyyatına nəhəng ziyan vuran COVID-19 pandemiyası müasir tarixdə ən genişmiqyaslı və dağıdıcı pandemiyalardan biri hesab edilir.

Digər xəbərlər
XƏBƏR LENTİ