Siyasətçi olmadığıma, bu sahəni dərindən dərk etmədiyimə görə deyil. Cavanlığımda Prezident Aparatının, Nazirlər Kabinetinin, Milli Məclisin bütün iclaslarında iştirak etmişəm. Ancaq bu barədə yalnız xəbərlər yazmışam. Siyasətin yalan, fırıldaq və ölkəni idarə etmək bacarığı olduğunu öyrənmişəm.
Bütün bunlar məndən uzaq olduğu üçün iqtisadiyyata, mədəniyyətə, sosial sahəyə meyillənmişəm. Mənim dediklərimlə razılaşmayan çox adam olacaq. Ancaq mən mübahisə etməyi sevmirəm. Cavanlıqda çox mübahisə etmişəm. İndi bunu mənasız hesab edirəm və hövsələm çatmır. Yazılarımın da qısa olduğunu müşahidə etmisiniz. Fikrimdəki yalnız əsas amilləri şərh etməyə çalışıram. Siyasətin bütün sahələrdə önəmli rol oynadığı ilə razıyam. Amma bu siyasətin geniş anlamda izahıdır. Siyasətin dərinliyi dünyanı idarə etmək məqsədinə gedib çıxır. Amma, masonlar belə, bunu hələ ki, tam bacarmır. Öz ölkəsini belə idarə edənlər siyasi oyunların təsiri altındadır. Həyatınızdakı bütün sahələr siyasət bacarığı tələb edir. Hər bir sahədə siyasətin inqilabı yaşam başarılarını və arzularını əlimizdən alır. Ən yaxşısı bu barədə düşünməməkdir. Yaşam şərtlərinə uyğun həyatımızı quraq.
Amma bəzən ailələrin içində belə, siyasi oyunlar gedir. Ər və arvad fərqli siyasi cəbhənin oyunçuları olur. Bu yaşayışı təsəvvür etmək belə çətindir.
Ailələrdə baş verən “müharibələr” həyatımızın ən çətin tərəfidir. Mənim qohumlarım içərisində də belələri var. Amma orada arvad öz fikirlərini gizlədir.
Çox çətin situasiyadır. Siyasətin gündəlik yaşam problemlərimizə çevrilməsindən hər kəsin uzaq olmasını istərdim.
Təəssüf ki, sosial problemlərin də həlli siyasətə dirsəklənir. Xalqın yaxşı yaşaması önəmli deyil, üsyan qaldırmaması önəmlidir. Bunun üçün çalışan yerli və xarici qüvvələrin fəsadının qarşısı “bir tikə çörəklə”( yəni kiçik yardımlarla) alınır. Bu böyük siyasətdir...
Sevmədiyim siyasətdən çox danışdım... Neyniyim? Bu gün uşaqdan qocaya hamı siyasətdən danışır. Hamı özünün haqlı olduğunu sübut etməyə çalışır. Bilən də, bilməyən də...Mən bilmirəm, mübahisə də etmirəm.
Ancaq onu bilirəm ki, bacarmadığımız, öyrənə bilmədiyimiz işlərdən uzaq olmalıyıq. Qəlbimizin optimist “siyasət”inə dəstəklənək.
Sənubər