Səhər qəzeti

Qəlbimizin atəşi sevincdən alovlanır, kədərdən sönür...

Tarix:16-09-2024, 17:48
Baxış Sayı:12

 

 ...Kədər həyata marağımızı sevgimizi də öldürür. Bunun nə qədər çəkəcəyi bəlli
 deyil.
 Kədərin səbəbi ölüm olarkən, həyatın amansızlığına nifrət edirik, ömür
 mənasızlaşır, ümidlərin boşa çıxması səbrimizi tükədir. Yaşantılar acı söhbətə çevrilir.
 İmtahan vermək üçün gəldiyimiz bu dünyadan əla qiymət alan olmayacaq. Kədərlər
 unudulmur, pisliklər bitmir, arzular qurtarmır, itkilər sonsuzdur. Gözəl yaşam
 insanlıqdan kənar duyğular, addımlar tələb edir. Şükür ürəkdən gəlmir, inam azalır,
 ömür məcburi həyat anlamına dönür...
 Nə edək...Özünü öldürənlərin sayı günü-gündən artır...Özü də əsasən cavanların...
 Ölümdən sonrakı dünyaya inananlar, bunun cəhənnəmi dolduracağını düşünürlər.
 Mən isə ruhların hələ ki, bu dünyada dövr eləyəcəyini düşünürəm.
 Sonunda nələr olacağı heç kimə bəlli deyil. Bu Allaha inamsızlıq deyil. Yeri, göyü
 yaradan varlığın bizə olduğu kimi çatdırılmasını inanmamaqdır.
 Ölən üçün ağlamaq olmaz deyirlər. Bəs onda, bu duyğular bizə niyə verilib?
 Sonsuz duyğuların əsarəti altındayıq. Bu əsarət altında necə imtahan veririk?
 Veririk, yəni yaşayırıq. Amma, bunun bir imtahan deyil yaşam şərtləri, əzablar
 olduğunu da düşünürük.
 Allah sevincdən də bizi məhrum etmir. Ancaq yaşa dolduqca ürəkdən gülmək
 azalır. Amma, mən cavan olmaq istəmirəm.
 Yaşa dolduqca həyatın zərbələrinə dözüm də artır.
 Pislik və yaxşılıq da təkcə insana aid deyil.
 Dünyada, yer üzündə baş verən fəlakətlərin, kainatdakı planetlərin, ulduzların
 toqquşmasının səbəbi nədir bəs?
 Bu da insan həyatı üçün bir təsəlli, imtahandırmı?
 Bəli, bütün varlıqlar bir sistem üzərində qurulub. Yolundan çıxan hər bir varlıq
 fəlakətə tuş gəlir.
 Bizim kədərə boyun əyməyimiz də səhvdirmi? Bilmirəm... Onu bildirirəm ki,
 həyata sevinclə-kədər, xeyirlə-şər qoşa gəlib.. İnsan varlığının içində də, çölündə də bu
 mübarizənin fəsadları hökm sürür. Dərdə dözməyib ölənlər də var, kimisə öldürüb
 acığından qurtulmaq istəyən də var, başqasının əmlakıına sahib olub həyatın dadını
 çıxartmaq istəyən də var və boğazından kəsib kimisə doydurmaq istəyən də var...
 Hər birimiz səbrimizin hesabına yaşayırıq. Ümidlərin də kəsildiyi gün həyatın
 sonudur.
 Bu dünyadakı özəlliklərə deyil, gözəl əməllərə sahib olmağı düşünməliyik. Gözəl
 əməllərə sahib olanları da unutmamalıyıq. Sevdiyimiz insanları unutmaq da əlimizdə
 deyil. Qəlbimizə hakim olanların itkisi isə bir ömür boyu ürəyimizi sızladır.
 Kədərə qalib gələn günlərimiz olacaqmı? Bilmirəm...Həyatın imtahanından
 qurtardığımız gün yeni imtahana düşməyək...


Sənubər

Digər xəbərlər
XƏBƏR LENTİ