Ermənistan hakimiyyətinin Xankəndidən İrəvana qaçan separatçıları neytrallaşdırmaq üçün işə saldığı Samvel Babayan planı baş tutmayıb.
Paşinyan hakimiyyəti separatçı Samvel Babayanı keçmiş “Qarabağ klanı"na yaxın separatçıları neytrallaşdırmaq üçün aktiv şəkildə dəstəkləyirdi. Ermənistan mediası Babayanın Qarabağ adına QHT yaradacağını və Qarabağdan qayıdan erməni əhalisinin problemləri ilə məşğul olacağını yazırdı. Bununla hakimiyyət erməni əhalisini “Qarabağ klanı"na yaxın separatçılardan uzaqlaşdırmaq və siyasiləşməsinin qarşısını almağı düşünürdü.
“Hraparak” nəşri yazır ki, bu plan iflasa uğrayıb.
“İndi yeni plan işə salınıb. Artıq bir neçə aydır “Qarabağ qaçqınlarının insan haqları assosiasiyası” yaradılıb. Bu təşkilat “Facebook”da fəallığı ilə diqqət çəkir. Təşkilata Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın qohumu, Qarabağda (qondarma) “milli təhlükəsizlik xidməti”nin əməliyyatçısı olmuş Andranik Qriqoryan rəhbərlik edir. O, müxtəlif yerlərdə yaşayan “Qarabağ erməniləri” ilə görüşlər keçirir. Əslində məqsəd bu əhalini öz tərəflərinə çəkməkdir. Buna görə onlara dəstək verirlər”, - nəşr yazır.