Çinli tibbi texnologiya startapı "Synyi AI" süni intellektin xəstələrə diaqnoz qoyduğu ilk klinikanı istifadəyə verib.
Startap bu layihəni Səudiyyə Ərəbistanının Ahsa bölgəsində ölkənin Almoosa Sağlamlıq Qrupu ilə birgə həyata keçirib. Klinikanın əsas məqsədi - tibbi xidmətin ilkin mərhələsində insan həkimlərini süni intellektlə əvəz etməkdir.
"Dr. Hua" adlanan süni intellekt sistemi xəstələrlə qarşılıqlı əlaqəyə girərək onların simptomlarını toplayır, görüntüləri təhlil edir və sonda insan həkiminin nəzərdən keçirdiyi bir müalicə planı hazırlayır. Sözügedən sistem tablet kompüterlər vasitəsilə istifadə olunur. Əvvəlcə simptomlar toplanır, daha sonra suallar verilir və rentgen və kardioqram kimi nəticələr təhlil olunur. Nəticədə ortaya çıxan diaqnoz insan həkimi tərəfindən təsdiqlənərək rəsmiləşdirilir.
"Synyi AI"nin baş direktoru Zhang Shaodian bildirib ki, layihə süni intellektin təkcə köməkçi deyil, müstəqil diaqnostik gücə malik olduğunu nümayiş etdirməyi hədəfləyir.
Hal-hazırda klinikada yalnız tənəffüs yolları ilə bağlı 30-a yaxın xəstəlik - o cümlədən astma və faringit - diaqnoz qoyulur. Şirkət 2026-cı ilə qədər bu siyahını genişləndirməyi planlaşdırır.
Lakin bəzi tibb mütəxəssisləri süni intellektin insan həkimlərini əvəz edə bilməsi məsələsində ehtiyatlı yanaşırlar. Sinqapur Milli Universitet Xəstəxanasının baş məsləhətçisi Ngiam Kee Yuan, AI həkimlərinin hələ də yalnız ilkin səviyyədə fəaliyyət göstərdiyini bildirərək texnologiyanın real praktikada ehtiyatla tətbiq olunmalı olduğunu vurğulayıb.