Səhər qəzeti

İrəvan xarici qüvvələri sərhədə yerləşdirdi: Tehranın “qırmızı xətt”i niyə yox oldu?

Tarix:Bu gün, 14:57
Baxış Sayı:0

 

Xəbər verdiyimiz kimi, Avropa İttifaqı (Aİ) Şurası gözlənildiyi kimi Ermənistanda “müşahidə” missiyasının mandatının daha iki il müddətinə uzadılması barədə qərar qəbul etdi. Brüsseldə əldə etdikləri razılığa əsasən, missiya 2027-ci ilin 19 fevralına qədər Ermənistan ərazisində, Azərbaycanla şərti sərhədə yaxın yaşayış məntəqələrində “keşik” çəkəcək.

Digər tərəfdən, İrəvan ABŞ ilə də hərbi niyyətli saziş imzalayıb və sərhədlərini faktiki olaraq amerikalı hərbçilərə həvalə edib. Tehran bu prosesləri səssiz şəkildə izləyir. Zəngəzuru özünün “qırmızı xətti” sayan, burada konsulluq açan, Ermənistanı Avropaya nəfəslik qismində görən, bölgəyə gələcək üçüncü dövlətlərə "dözməyəcəyini" deyən İran indi nədənsə susub.

Ehtiyatda olan general Yücel Karauz bölgəyə hərbi missiya gətirən Ermənistan yox, Azərbaycan olsaydı, İran indiyə qədər azı 500 dəfə “qırmızı xətt” elan edərdi.

O bildirib ki, İranın “qırmızı xətt” ritorikası sadəcə sözdədir, praktiki olaraq həyata keçirilmir:

“İran və Ermənistan 1988-ci ildən bəri gizli tərəfdaş olduqları üçün Tehran bu məsələdə Ermənistana sözdə də heç nə demir. Lakin İran bilməlidir ki, Qərb missiyasının daxil olduğu hər hansı bir ölkəni tərk etməsi mümkün deyil. Ermənistana gələn missiyaların məqsədi İranın zənn etdiyi kimi deyil. Həmin missiyalar Azərbaycana yox, İrana qarşıdır.

Tehranın yeni qonşusu artıq Ermənistan deyil, bölgəyə gələn Qərb missiyasıdır. Bu missiyanın da İrana zərər vermədən Ermənistanı tərk etməsi mümkün deyil. Ona görə də İranın bölgədə Azərbaycan və Türkiyə ilə əməkdaşlıqdan başqa çarəsi yoxdur”.

Y.Karauz qeyd edib ki, İranın sözdə irəli sürdüyü “qırmızı xətt” anlayışı heç bir əhəmiyyət kəsb etmir: “Bu ritorika Azərbaycanı hədəfə almaq üçün yaradılan daxili siyasətin bir parçasıdır və bundan sonrakı hadisələrin gedişatına da təsir etməyəcək”.

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “İctimai və dövlət maraqlarının müdafiəsi” istiqaməti üzrə hazırlanıb.

Digər xəbərlər
XƏBƏR LENTİ