Səhər qəzeti

Bu dəfə küncdə qaldıq... bu-defe-kuncde-qaldiq

Tarix:31-01-2025, 10:17
Baxış Sayı:1

 

Avropadakı bu mövsümü “Qarabağ” üçün ən pisi adlandırmaq olar. Çünki ağdamlılar heç almadıqları qədər məğlubiyyətə uğradılar. Yeni formatda keçirilən 8 oyundan 7 məğlubiyyət…

Qurban Qurbanov və komandası üçün uğursuz statistika və matçlardır. Ötən mövsüm Avropa macərasının pikinə çıxan Azərbaycan təmsilçisinin enişini hardasa gözləmək olardı, amma bu qədər bərbad vəziyyət alacağı sürpriz idi. Ən pessimist azarkeş belə bu ssenarini təsvir edə bilməzdi. 

Amma mənim məqsədim Azərbaycan futbolunun yeganə ümid yeri “Qarabağ”ın bir mövsüm uğursuz çıxışını tənqid etmək deyil.

Diqqəti Qurban Qurbanovun illərdir inad etdiyi şeyə və hər il əziyyət çəkdiyi çatışmazlıqların aradan qaldırmamasına və ya bunu istəməməsinə yönəltməkdir. 

Ağdam təmsilçisinin Avropada daim ən zəif yeri qapı xətti olub. Bu mövqedən “Qarabağ”ın “yediyi” qollar saysız-hesabsızdır. Elə uğurlu mövsümlərdə də daha yaxşısından bizi qapı xəttindəki çatışmazlıqlar edib. Məsələn, vaxtikən Şahruddin Məhəmmədəliyevin uğursuz çıxışları, yersiz vaxtda qapıçı meydançasını tərk etməsindən qollar buraxmışıq. Bunların içində isə vacib matçlar, pley-off oyunları da olub.

Bu mövsüm Qurban Qurbanov qapı xəttinə xüsusi diqqət ayırdı. Komandaya Fabian Buntiç və Mateuş Koxalski kimi qapıçılar gətirdi. Hansı ki, onlardan biri Portuqaliya çempionatında komandasının liqada qalmasına böyük dəstək olmuşdu, digəri isə ölkəsində ilin ən yaxşı qapıçısı seçilmişdi. Di gəl ki, Ağdam təmsilçisinə keçdikdən sonra heç biri normal çıxış edə bilmədi. 

Əslində, artıq hər kəsə tam aydın olur ki, burda problem qapıçılarda yox, “Qarabağ”ın qapıçı məşqçisindədir. Qurban Qurbanovun etimad etdiyi Elxan Həsənov heç cürə komandanın ən vacib xəttini düzəldə bilmir. Maraqlıdır ki, “Qarabağ”a gələn qapıçılar ölkələrindən fərqli olaraq burada çıxışlarda çox ciddi səhvlərə yol verirlər. Bu barədə artıq azarkeşlərin də tənqidi səngimir. Amma Qurban Qurbanov inad edir. 

Elə qapıçıların çıxışlarındakı səhvləri “Qarabağ”ın standart vəziyyətdən buraxdığı qollara da təsir edir. Ağdamlıların heyətində olan çərçivə qoruyucularından heç biri standart vəziyyətlər zamanı uğurlu oynamır və ya bunu nadir hallarda edirlər. Əksər vaxt isə uğursuz toxunuşlar qollara səbəb verir. 

Son matçlarda elə bütün bunların cəmindən qaynaqlanan künc zərbəsi bəlası ilə üzləşmişik. Qurban Qurbanovun komandası son 3 matçın hamısında kornerdən qol buraxıb. Bunlardan 3-ü FCSB ilə oyunlarda olubsa, biri çempionat, digəri “Olimpiakos”la Avropa Liqası matçına təsadüf edib.

Amma Qurban Qurbanov bunu da qəbul etmək istəmir...

“Qarabağ” futbolçuları künc zərbələri zamanı mövqeləri bağlamaqda çətinlik çəkir. Qapıçıların uğursuz çıxışları fonunda futbolçuların da mövqe səhvləri məğlubiyyətlərə yol açır. 

Premyer Liqada “Turan Tovuz”la matçdan sonra Q. Qurbanov rəqibin vurduğu ikinci qolda Şahruddinin səhv çıxışına deyil, hakimin səhv etdiyinə fikirləri yönəltsə də, həqiqəti hər kəs gördü. 

Bu mövsüm də Qurban Qurbanov və komandası elə 2 alaraq küncdə qaldı…

Digər xəbərlər
XƏBƏR LENTİ