Səhər qəzeti

Ölkəmizdə uşaqların peyvəndlənməsi necə həyata keçiriləcək? - Nazirlik rəsmisi AÇIQLADI

Tarix:22-08-2024, 08:15
Baxış Sayı:0

 

"Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və BMT-nin Uşaq Fondunun (UNICEF) Azərbaycandakı Nümayəndəliyi ilə birgə hazırlanmış "Uşaqların immunizasiyası üzrə təlimat" Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şurasının Qərarı və Səhiyyə Nazirliyinin müvafiq Əmri ilə təsdiq edilib".

Bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" səhifəsində nazirliyin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva bildirib.

Onun sözlərinə görə, təlimatda 2024-cü ilin mart ayından yenilənən profilaktik peyvəndlər təqvimi, ÜST-nin tövsiyələrinə əsasən profilaktik peyvənd təqvimindən kənaraçıxmalar və gecikən vaksinasiyanın idarə olunması, vaxtından əvvəl doğulan uşaqların peyvənd olunması qaydaları haqda məlumat əldə etmək olar. Eyni zamanda, vaksinasiyaya qarşı yenilənən tibbi əks-göstərişlər, immunizasiyadan sonra baş verən əlavə təsirlər, vaksinlərin təhlükəsizliyi və effektivliyi, peyvəndlərin tətbiqi üsulları və s. məsələlər ətraflı əhatə olunub:

"Təlimat tibb işçilərinə peyvəndləmə işində əsaslandırılan qərarların qəbul edilməsi, peyvəndlərdən kənarda qalan uşaqların təlimatın tələblərinə uyğun peyvəndlərə cəlb olunması, tibbi əks göstərişlərin düzgün tətbiq edilməsi, soyuq zəncir sistemi qaydalarına düzgün riayət edilməsi, vaksinlərin tələblərə uyğun saxlanılması və uşaq əhalisini mümkün olan ən keyfiyyətli immunizasiya xidmətləri ilə təmin etmək imkanı yaradır".

A.Əliyeva sonda 2024-cü ilin mart ayından Milli Peyvənd Təqviminə daxil edilən Heksavaksin haqqında məlumat verib:

"Heksavaksin 6 ciddi yoluxucu xəstəliyə qarşı (difteriya, göyöskürək, tetanus, hepatit B, b tipli hemofil infeksiya, poliomielit) 6 komponentli vaksindir. Heksavaksin Azərbaycanda 2024-cü ilin mart ayından tətbiq edilir. Peyvənd təqviminə uyğun olaraq bu vaksin uşaqlara 2, 3, 4 aylığında vurulur. Heksavaksin Avropa istehsalıdır və bir dozalıq flakonlarda buraxılır. Vaksin Ümumdünya Səhiyyə Təşkilatının standartlarına cavab verir, təhlükəsiz və effektivdir".

Həmçinin A.Əliyeva bildirib ki, uşağın xəstələnməsini gözləmədən, onu peyvənd təqviminə uyğun peyvənd etdirmək mütləqdir:

"Çünki xəstəliklərin fəsadları ağır, hətta ölümcül ola bilər".

Onun sözlərinə görə, əgər uşaq peyvəndlə qarşısı alına bilinən xəstəlikləri keçiribsə belə, uşaq yenə də peyvənd edilməlidir:

"Bu çox vacibdir, çünki iki yaşından kiçik uşaqlar bəzi infeksiyaları (hemofil infeksiya, meningit, pnevmoniya) keçirdikdən sonra yetərli dərəcədə təbii immunitet əldə edə bilmirlər. Onların törədicilərin digər ştamları ilə təkrar yoluxması mümkündür. Uşaq xəstəliyə yoluxduqda virus və ya bakteriyanın bir növü ilə yoluxur. Lakin peyvənd uşağı eyni xəstəliyi törədə biləcək mikrobun bir çox növlərindən qoruyur. Məsələn, Azərbaycanda tətbiq olunan pnevmokok əleyhinə peyvənd uşağı pnevmokok bakteriyasının 13 növündən qoruyur. Uşaq qızılca xəstəliyi keçiribsə belə, o qızılca-parotit-məxmərək əleyhinə QPM vaksini ilə peyvənd olunmalıdır, çünki bu vaksin onu eyni zamanda epidemik parotit və məxmərək xəstəliklərindən də qoruyacaq".

RGEM-in direktor müavini sonda bildirib ki, Heksavaksin uşaqları 6 yoluxucu xəstəlikdən (difteriya, göyöskürək, tetanus, B tipli hemofil infeksiya, hepatit B, poliomielit) qoruyur:

"Uşaq bu xəstəliklərdən hər hansı birini keçiribsə, o, digər infeksiyalara yoluxmamaq üçün bu peyvəndi təqvimə uyğun nəzərdə tutulan intervallarla 3 dəfə almalıdır".

Bundan əlavə, Səhiyyə Nazirliyi rəsmisi bildirib ki, ölkədə peyvəndlərlə idarə olunan xəstəliklər qeydə alınmırsa belə, bu xəstəliklərin mövcud olduğu ölkələrdən gələn xəstələr (gətirilmə hallar) xəstəliklərin alovlanmasına səbəb ola bilər:

"Uşaqların təhlükəli xəstəliklərdən qorunması üçün onları peyvənd etdirmək vacibdir".

Onun sözlərinə görə, peyvəndlər sayəsində bir çox ölkələrdə poliomielit xəstəliyi mövcud olmasa da, bir neçə ölkədə bu xəstəlik qeydə alınır:

"Peyvənd işi zəiflədikdə, gətirilmə hallar nəticəsində xəstəlik yenidən immuniteti olmayan uşaqlar arasında baş qaldırar və alovlanmalara səbəb ola bilər.

Analoji olaraq 2023-cü ilin aprel ayından Azərbaycanda qeydə alınan qızılca alovlanmasını göstərmək olar. Xəstəliyin alovlanması nəticəsində əsasən qızılcaya qarşı immuniteti (peyvəndi) olmayan uşaq və yeniyetmələr xəstələndi. Lakin peyvənddən kənarda qalan uşaqların və böyük yaşlı əhalinin peyvəndləməsi nəticəsində xəstəliyin yayılmasının qarşısı alındı".

Digər xəbərlər
XƏBƏR LENTİ