Səhər qəzeti

Bayramda yığdığımız kaloriləri nəfəs məşqləri ilə verə bilərik: "Stres həzmi ləngidə bilər"

Tarix:6-01-2025, 12:03
Baxış Sayı:1

 

"Bayram günlərində həddindən artıq qida qəbul etmək həzm sistemini yükləyə bilər. Bayram sonrası həzm sisteminin funksiyasını dəstəkləmək üçün müəyyən fiziki məşqlər faydalı ola bilər".

Bu fikirləri 93 FM dalğasında yayımlanan "Sağlam radio"da Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, qastroenteroloq Emin Məmmədov səsləndirib.

Onun sözlərinə görə, həzm proseslərini sürətləndirən mexaniki təsir və stresin azalması qan dövranını yaxşılaşdırır:

"Yüngül gəzintilər həzm sisteminin aktivliyini artırır. Yeməkdən sonra 10-15 dəqiqəlik gəzinti mədənin boşalmasını və bağırsaqların peristaltikasını (qida hərəkətini təmin edən ritmik əzələ yığılmaları) stimullaşdırır. Bundan əlavə, gəzintilər qan şəkərinin səviyyəsini sabitləşdirməkdə də rol oynaya bilər.

Yoqa həzm sistemini stimullaşdırmaq üçün əla vasitədir. Xüsusilə qarın bölgəsini dartaraq mədə və bağırsaqda qan dövranını artırır. Kardioməşqlər, məsələn, yüngül qaçış və ya velosiped sürmə bədənin ümumi qan dövranını artırır. Bu, həzm sisteminə daha çox oksigen və qida maddəsi təmin edir. Bu cür məşqlər bayram yeməklərinin tərkibində olan yağların və karbohidratların daha effektiv həzm olunmasına kömək edə bilər. Eyni zamanda, bu məşqlər qarın şişkinliyini azaltmaqda faydalıdır".

Mütəxəssis-ekspert bildirib ki, stres və həzm sistemi arasında sıx əlaqə olduğu üçün nəfəs məşqləri də faydalıdır:

"Nəfəs məşqləri sinir sistemini sakitləşdirir və həzm prosesi üçün vacib olan parasimpatik sinir sistemini aktivləşdirir. Diafraqmal nəfəsalma (qarından dərin nəfəsalma) qarnın iç təzyiqini artırır və bağırsaqların fəaliyyətini stimullaşdırır. Pilates və ya qarın əzələlərini hədəfləyən məşqlər bağırsaq hərəkətlərini aktivləşdirir. Bu cür məşqlər qarın bölgəsində qan dövranını artırır və bağırsaqların düzgün işləməsinə kömək edir. Pilates hərəkətləri həzm sisteminin aktivliyini artıraraq bayram sonrası bədəndə yığılmış toksinlərin çıxarılmasını da dəstəkləyir. Fiziki aktivlik bağırsaq hərəkətliliyini artıran hormonların, məsələn, motilinin ifrazını stimullaşdırır. Məşq zamanı qan dövranı artır, bu da həzm fermentlərinin daha aktiv işləməsinə şərait yaradır. Bundan əlavə, fiziki aktivlik stres hormonlarını azaldır və bu da həzm prosesində əhəmiyyətli rol oynayır, çünki yüksək stres həzmi ləngidə bilər. Məşq bağırsaq mikrobiotasını müsbət istiqamətdə dəyişdirərək faydalı bakteriyaların çoxalmasını təşviq edir".

Emin Məmmədov sonda qeyd edib ki, bayram sonrası məşqlər həddindən artıq olmamalıdır, çünki artıq dərəcədə ağır məşqlər həzmi yavaşlada və orqanizmi yükləyə bilər. Məşqləri rahat bir tempdə və qısamüddətli başlamaq tövsiyə olunur.

Digər xəbərlər
XƏBƏR LENTİ