Səhər qəzeti

Zəiflik, əzələ və baş ağrıları: "Yüngül COVID"i soyuqdəymədən ayırmağın yolları açıqlandı

Tarix:Bu gün, 09:48
Baxış Sayı:0

 

Son vaxtlar sosial şəbəkələrdə qəflətən başlayan və sürətlə inkişaf edən xəstəlik fəal müzakirə olunur. İstifadəçilər arasında "yüngül COVID" adlanan bu xəstəliyin ilk əlamətləri güclü zəiflik, əzələ ağrıları və ardınca gələn baş ağrısıdır. Bir çox xəstə qeyd edir ki, onlarda soyuqdəymənin digər adi simptomları - burun axması, boğaz ağrısı olmayıb, bədən temperaturu 37.5°C-dən yuxarı qalxmayıb. Anlaşılmaz xəstəlik əvvəl ağır keçir - insanı bir neçə günə normal həyatdan uzaqlaşdırır, sonra isə qəflətən çəkilir.

Rusiyalı tibb elmləri namizədi, həkim Olqa Ulankina bununla bağlı açıqlama verib.

Onun fikrincə, hələlik COVID-19-un yeni ştamının epidemiyasından danışmağa əsas yoxdur.

"Böyük ehtimalla, biz ilin bu dövrü üçün adi olan kəskin respirator virus infeksiyası (KRVİ) ilə qarşılaşırıq. Ümumilikdə KRVİ-nin oxşar əlamətlər yaradan - paraqrip virusları, rinoviruslar, reoviruslar, adenoviruslar və koronaviruslar da daxil olmaqla 200-dən çox törədicisi mövcuddur. Bunların hamısı təxminən oxşar simptomlara səbəb olur - süstlük, ümumi zəiflik, baş ağrısı, burun axması, boğazda qaşınma. Yoluxmuş insan özünü yorğun hiss edir, lakin əksər hallarda sağlam immunitet xəstəliyə 2-3 günə qalib gəlir ", - deyə o bildirib.

Həkim xatırladıb ki, infeksiyanın törədicisini dəqiq müəyyən etmək yalnız PZR-test, yaxud qrip və koronavirusun müxtəlif növləri üçün kompleks analiz kimi laborator testlər vasitəsilə mümkündür.

O, KRVİ-dən qorunmaq üçün profilaktik tədbirlər tövsiyə edib:

"Soyuqdəymə xəstəliklərinin profilaktik tədbirləri o qədər sadədir ki, bir çoxu onları lazımınca qiymətləndirmir. Pandemiya dövründə hamının ciddi şəkildə əməl etdiyi bütün tövsiyələri xatırlamaq kifayətdir, yüksək virus yükü mövsümü üçün də onlar aktualdır. Əlləri tez-tez yumaq, otağı havalandırmaq, təmiz havada olmaq, mümkün qədər çox insan olan yerlərdən uzaq durmaq lazımdır. Bu mümkün deyilsə, tibbi maska taxmaq və onu dəyişdirməyi unutmamaq lazımdır. İlk narahatlıq əlamətləri zamanı evdə qalmaq - yataq rejimi və isti içkilər qəbul etmək lazımdır".

Həkimin sözlərinə görə, immunitet qaydasındadırsa, xəstəlik bir neçə günə keçəcək.

"Əgər vəziyyət pisləşirsə, bədən temperaturu yüksəkdirsə və düşmürsə, təngnəfəslik, öskürək, güclü ağrılar varsa, həkimə müraciət etmək lazımdır", - deyə Ulankina məsləhət görüb.

Ekspert infeksiyanın orqanizm üçün fəsadsız keçdiyinə əmin olmaq üçün sağalandan sonra ümumi və biokimyəvi qan analizi, həmçinin ümumi sidik analizi verməyi məsləhət görüb.

Digər xəbərlər
XƏBƏR LENTİ