Səudiyyə Ərəbistanının faktiki lideri kimi görünən vəliəhd Məhəmməd bin Salmanın ABŞ rəsmilərinə sui-qəsddən qorxduğunu dediyi iddia edilir.
Bu barədə “Politico” qəzeti yazıb.
Xəbərdə “Şahzadə bin Salman İsraillə münasibətləri yaxşılaşdırmaq üçün Səudiyyə Ərəbistanına təzyiq edən ABŞ-ı ölkəsi üçün daha uyğun bir razılaşmaya inandırmağa çalışır” şərhi verilib.
Onun həmçinin 1981-ci ildə İsraillə müqavilə bağladıqdan sonra öldürülən Misirin keçmiş prezidenti Ənvər Sədatı da misal çəkdiyi bildirilib.
Qeyd edək ki, oktyabrın 7-də Qəzzaya hücumlar başlamazdan əvvəl Səudiyyə Ərəbistanı ilə İsrail arasında normallaşma danışıqları davam edirdi. İsrail bundan əvvəl ABŞ-ın vasitəçiliyi ilə bəzi ərəb ölkələri ilə münasibətləri normallaşdırmışdı.