Oxucularımız bizdən inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrin fərqini soruşur.
Əslində ölkələrin inkişaf etmiş və inkişaf etməkdə olan növlərə bölünməsində ümumi qəbul edilmiş qayda yoxdur.
Hər təşkilat müxtəlif meyarlara görə ölkələri bu və ya digər şəkildə bir-birindən fərqləndirməyə çalışır.
Məsələn, Dünya Bankı ölkələri yüksək gəlirli, nisbətən yüksək gəlirli, nisbətən aşağı gəlirli və aşağı gəlirli ölkələr olaraq 4 qrupa bölür.
Beynəlxalq Valyuta Fondu dövlətləri yüksək inkişaf etmiş, inkişaf etməkdə olan və aşağı gəlirli ölkələr kimi 3 növə ayırır.
Birləşmiş Millətlər Təşkilatı (BMT) isə dövlətləri inkişaf etmiş, keçid iqtisadiyyatı və inkişaf etməkdə olan ölkələrə ayırır.
BMT-nin 2024-cü ildə açıqladığı statistikaya görə, hazırda 37 inkişaf etmiş ölkə var.
Bu ölkələrin hər birində əhalinin illik gəliri, yaşayış standartı, təhsil səviyyəsi yüksək, ömrü isə uzundur.
Son dövlərdə Kipr, Cənubi Koreya, Baltik ölkələri, Sloveniya, Slovakiya texnoloji inkişaf səviyyəsi də nəzərə alınmaqla inkişaf etmiş ölkələr sırasına daxil olmağı bacarıb.
Hazırda 37 inkişaf etmiş ölkə olsa da, iqlim maliyyələşməsi ilə bağlı məsələlərdə onların sadəcə 23-nün adı çəkilir.
Səbəb isə bu 23 ölkənin daha yüksək iqtisadiyyata malik olmasıdır. BMT-nin iqlim dəyişikliyi ilə bağlı çərçivə konvensiyasında da məhz həmin ölkələr digər dövlətlərə iqlim problemi ilə bağlı mübarizədə maddi dəstək vermə öhdəliyi götürüb.
Həmin ölkələr bunlardır: ABŞ, Almaniya, Avstraliya, Avstriya, Belçika, Kanada, Danimarka, Finlandiya, Fransa, Yunanıstan, İslandiya, İrlandiya, İtaliya, Yaponiya, Lüksemburq, Niderland, Yeni Zelandiya, Norveç, Portuqaliya, İspaniya, İsveç, İsveçrə və Böyük Britaniya.
İqtisadiyyatları inkişaf etməkdə olan və ya tam sənayeləşməmiş ölkələr inkişaf etməkdə olan ölkələr qrupuna aid edilir. Kasıb ölkələr də bura daxildir.
Lakin Dünya Bankı, Dünya Ticarət Təşkilatı və digər beynəlxalq institutlar, inkişaf etməkdə olan ölkələri “keçid iqtisadiyyatı, inkişaf etməkdə olan və ən az inkişaf etmiş” formalara bölürlər.
İnkişaf etmiş 37 ölkədən başqa bütün dövlətlər inkişaf etməkdə olan ölkə sayılır.
Azərbaycan keçid iqtisadiyyatına malik inkişaf etməkdə olan ölkədir.
Bu kateqoriya inkişaf etməkdə olan ölkələr arasında nisbətən yüksək pillə sayılır.
Qonşuları Ermənistan və Gürcüstanla yanaşı, Türkiyə və Rusiya da keçid iqtisadiyyatına malik ölkələr kimi səciyyələndirilir.
İran isə inkişaf etməkdə olan ölkə kimi öz qonşularından geri qalır. Buna səbəb yaşayış səviyyəsinin, uzunömürlülüyün və təhsilin digər ölkələrlə müqayisədə daha aşağı olmasıdır.
BMT bir ölkənin inkişaf edib-etməməsini ilk olaraq, həmin ölkənin iqtisadi göstəricisinə görə müəyyən edir. Bu zaman ölkənin illik ümumdaxili məhsulu (ÜDM) və ya adambaşına düşən milli gəliri əsas götürülür.
Daha sonra həmin ölkədə əhalinin yaşayış standartlarına, təhsil səviyyəsinə və nə qədər uzunömürlü olmasına baxılır.
Bu göstəricilər 1992-ci ildə qəbul edilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına (UNFCCC) əsaslanır.
Son dövrlər ölkələrin nə qədər inkişaf etməsi həmin dövlətlərdə qadın iştirakçılığı, eləcə də ölkənin texnoloji infrastrukturu nəzərə alınmaqla hesablanır.
1992-ci ildən bəri fərqli iqtisadi amillərin, texnoloji yeniliklərin və yeni dəyərlərin ortaya çıxması BMT-ni öz qiymətləndirməsində dəyişiklər aparmağa məcbur edib.
Bunu nəzərə alan təşkilat 2017-ci ildən etibarən ölkələrin inkişaf edib-etməməsini Dayanıqlı İnkişaf Məqsədlərinə (SDGs) əsasən müəyyən etməyə başladı.
BMT-nin digər beynəlxalq təşkilat və maliyyə institutları ilə apardığı məsləhətləşmələrindən sonra, 2021-ci ildə “inkişaf etmiş” və “inkişaf etməkdə olan” ifadələrindən istifadə dayandırıldı.
Hazırda “inkişaf etmiş” və ya “inkişaf etməkdə olan” ifadələri 1992-ci ildə qəbul edilmiş qayda çərçivəsində və yalnız statistik məlumatları dəqiqliklə təsvir etmək üçün istifadə edilir.
Çin və Hindistan, eləcə də Körfəz ölkələrinin iqtisadiyyatları güclü olsa da, əhali arasında uzunömürlülük, yaşayış standartları və təhsil aşağı səviyyədə olduğu üçün onlar inkişaf etməkdə olan ölkələrdir.
Bu dövlətlər sənayeləşmə və texnoloji infrastruktur baxımından da inkişaf etmiş ölkələrdən geri qalırlar.