İranın iki ildir Zəngəzurda (Qafanda) fəaliyyət göstərən baş konsulu Mortez Varamin Ermənistan mediasına müsahibə verib.
İran konsulu Zəngəzurun strateji əhəmiyyətindən, bölgədə baş verən geosiyasi mübarizədən uzun-uzadı danışıb.
Lakin əsas diqqətçəkən məqam baş konsulun Azərbaycanın tarixi torpağı olan Zəngəzurun İranla yaxınlığı haqda iddialarıdır.
M.Varamin iddia edib ki, Zəngəzurda mədəniyyət, adət-ənənə İranla çox yaxındır.
“Dil oxşarlıqları da çoxdur. Misal üçün, nənə nəvəsinə “ciğyar can” deyir (“canım”, “sevincim”). Bunlar orjinal fars sözləridir. Belə nümunələr çoxdur”, - baş konsul iddia edib.
Bu iddiasının perspektiv təhlükəsi aydın görünür. İstisna deyil ki, İran bölgədə mövqelərini gücləndirmək üçün təkcə siyasi və hərbi sferada addımlar atmır, həm də Azərbaycanın tarixi torpağı olan Zəngəzuru farslaşdırmaq haqda da düşünür. Baş konsulun Zəngəzurda orjinal fars sözlərindən istifadə haqda iddiası heç də xoşniyyətli görünmür.