Səhər qəzeti

Trampın Zəngəzur dəhlizilə bağlı siyasəti İrəvanın işini çətinləşdirəcək

Tarix:10-11-2024, 21:14
Baxış Sayı:0

 

"Azərbaycan Donald Trampın ABŞ Prezidenti olduğu dönəmdə ərazi bütövlüyünü təmin etdi. Tramp administrasiyası Azərbaycana mane olmadı. Doğrudur, Azərbaycanın ərazi bütövlüyünü təminininə yönələn hərbi əməliyyatına praktik baxımdan mane olmaq mümkün deyildi. Buna baxmayaraq, Ağ Ev təzyiq alətlərindən birinə əl ata bilərdi. Bu baş vermədi. Trampın növbəti Prezidentlik dövründə Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması ehtimalı yüksək olacaq".

Bunu politoloq Elxan Şahinoğlu deyib.

Ekspert ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Trampın mümkün Azərbaycan siyasətindən bəhs edib:

"Co Baydenin Ağ Evi tərk etməsinə iki aydan bir az artıq vaxt qalıb. Ona görə sülh sazişinin onun Prezidentlik dönəmində imzalanmasının mənası yoxdur. Bakı və İrəvan Trampla yaxşı münasibətlər naminə sülh sazişinin imzalanmasını yanvarın 20-dən, yəni Vaşinqtonda andiçmə mərasimidən sonraya saxlaya bilərlər. Belə olarsa, Tramp Azərbaycanla Ermənistan arasında imzalanması ehtimalı yüksək olan sülh sazişini xarici siyasətinin ilk uğurlarından biri kimi təbliğ edəcək. Kreml də Donald Trampla yaxşı münasibətlərə ümid etdiyindən Azərbaycanla Ermənistan arasında imzalanma ehtimalı yüksək olan sülh sazişində Ağ Evin yeni sahibinin müəyyən paya sahiblənməsinə qarşı çıxmayacaq".

Onun fikrincə, eyni sözləri “Orta dəhliz” haqqında söyləmək çətindir:

"Co Bayden administrasiyası Orta və Zəngəzur dəhlizinə maraq göstərir və bu layihələrin reallaşmasını dəstəkləyirdi. Çünki bu dəhlizlər Rusiyadan yan keçir. Tramp administrasiyasının dəhliz məsələsində eyni siyasəti yürüdəcəyini söyləmək çətindir. Tramp seçkidə “ilk növbədə Amerika” şüarıyla qalib gəlib. Ağ Evin yeni sahibi bu şüara əsaslanaraq ABŞ-la Avropa ölkələri arasında ticarət əlaqələrinin həcminin artmasına çalışacaq. Orta və Zəngəzur dəhlizi isə Çin mallarının Avropaya nəqlini nəzərdə tutur. Bu baxımdan yeni administrasiyanın Azərbaycan keçən dəhlizlərə dəstək verəcəyini gözləmək çətindir. Azərbaycanın bu dəstəyə ehtiyacı yoxdur, yetər ki, əngəl yaratmasınlar. Vaşinqtonun dəhlizlərə marağının azalması İrəvanın işini çətinləşdirəcək. Çünki İrəvan Vaşinqtonun dəstəyinə arxalanaraq Rusiyanın Zəngəzur dəhlizinə nəzarətini neytrallaşdırmağa çalışırdı. Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyanın dəhlizə nəzarət etməsini istəmirsə, bu məsələdə Azərbaycanla razılığa gəlməlidir. Donald Tramp siyasətdə biznes qaydalarına üstünlük verir, yəni o xərc tələb edən dövlətlərlə deyil, gəlir gətirməyə şərait yaradan dövlətlərlə əməkdaşlığa üstünlük verir. Ermənistan isə başdan ayağa xərcdir".


Digər xəbərlər
XƏBƏR LENTİ