Noyabrın 4-də Avropa Şurasının insan hüquqları üzrə komissarı Michael O’Flaherty Azərbaycan Prezidenti İlham Əliyevə hüquq müdafiəçilərinin, jurnalistlərin və fəalların həbsdən azad edilməsi ilə bağlı məktub ünvanlayıb.
Michael O’Flaherty cənab Əliyevə yazıb ki, o, media təmsilçilərinin və ictimai-siyasi fəalların "peşə fəaliyyətinə və ya tənqidi baxışlarına görə həbs olunmasından narahatdır".
Məktub noyabrın 18-də Avropa Şurasının saytında dərc olunub.
Azərbaycan hakimiyyəti bildirib ki, ölkədə söz və ifadə azadlığı qorunur, saxlanan şəxslər isə konkret cinayət əməllərinə görə mühakimə olunur, - Azərbaycan hakimiyyətinin Michael O’Flaherty-yə göndərdiyi, Avropa Şurasının çap etdiyi cavabda deyilir.
Azərbaycanda jurnalistlər niyə həbs olunub? Hökumət bu həbsləri necə əsaslandırır? Yerli və beynəlxalq reaksiyalar nədir?
BBC News Azərbaycanca bu suallara cavab tapmağa çalışıb.
Azərbaycanda ötən ilin sonlarından bəri müstəqil mediada çalışan bəzi jurnalistlər qaçaqmalçılıq, dələduzluq ittihamı ilə həbs olunublar.
Hökumət onları ölkəyə qanunsuz yolla pul gətirməkdə ittiham edir.
Ancaq jurnalistlər həbslərini peşə fəaliyyəti ilə əlaqələndirirlər.
Polis tərəfindən ofisi möhürlənərək fəaliyyəti dayandırılan Toplum TV-nin əməkdaşı Alya Yaqublu deyir ki, Azərbaycanı "Şimali Koreyaya bənzətmək yolu" seçilib.
"Ölkədə nə qədər problem var. İnsanlar necə böyük maddi sıxıntılar içərisində yaşayırlar. Bunlardan danışmaq olmaz? Xoşlarına gəlmir? Hə, o zaman belə də davam etsinlər", - o, BBC-yə deyib.
Ötən ilin sonlarından bəri ölkədə 15-dən çox jurnalist və media təmsilçisi həbs olunub.
Ən son həbs olunan meclis.info saytının təsisçisi İmran Əliyevdir. Yaxınları onun həbsini “Abzas Media” işi ilə əlaqələndirir.
Hazırda Toplum TV-nin təsisçisi Ələsgər Məmmədli ilə birgə media orqanının 6 əməkdaşı həbsdədir, iki əməkdaşı isə polis nəzarətinə verilib.
O cümlədən, Abzas Medianın 6, Kanal 13-ün 2 əməkdaşı barəsində həbs qətimkan tədbiri seçilib. Onların hamısı qaçaqmalçılıqda ittiham olunurlar. Kanal 13-ün bir əməkdaşı - Bakı ofisinin rəhbəri 1 aylıq inzibati həbsdən sonra azadlığa çıxıb.
Kanal 11 TV-nin rəhbəri jurnalist Teymur Kərimovun işi üzrə isə istintaq artıq yekunlaşıb.
Onun məhkəməsi aprelin 5-i Bakı Ağır Cinayətlər Məhkəməsində başlayıb.
Həbs olunan jurnalistlərin heç biri barələrindəki ittihamları qəbul etmir. Onlar həbslərini peşə fəaliyyətləri ilə əlaqələndirir.
Onlardan biri, Abzas Media işinə görə saxlanmış araşdırmaçı jurnalist Hafiz Babalı Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı müraciətdə bildirib ki, saxta ittihamlarla həbs olunub və "jurnalistin məqalə yazmaqla qonorar əldə etməsini (əldə etmək imkanını) “tamah niyyəti ilə qanunsuz gəlir əldə etmək məqsədi” kimi təqdim etmək istintaqın naşılığı və səbatsızlığıdır".
Turan İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev hesab edir ki, son həbslər hakimiyyətin "ictmaiyyət üzərində nəzarəti artırmaq, tənqidçilərini zərərsizləşdirmək" istəyilə bağlıdır.
O, bu həbsləri Azərbaycanda vətəndaş cəmiyyətinə “növbəti təhdid və təzyiq” hesab edir.
Azərbaycan hakimiyyəti ölkədə media azadlığının məhdudlaşdırılması, jurnalistlərin peşə fəaliyyətinə görə həbs edilməsi ittihamlarını qəbul etmir.
Prezident İlham Əliyev Almaniyada keçirdiyi son mətbuat konfransında deyib ki, media təmsilçilərinin həbsi "qanunvericiliyə tam uyğun" şəkildə aparılıb.
"Bir müddət bundan əvvəl xaricdən qanunsuz maliyyələşən bəzi media orqanlarının nümayəndələri istintaq orqanları tərəfindən saxlanılıb, bu da Azərbaycan qanunvericiliyinə tam uyğun şəkildə aparılıb. İstənilən ölkə öz qanunlarını müdafiə etməlidir və əgər qanunsuz xaricidən vəsait alan hansısa media nümayəndəsi istintaqa cəlb edilibsə, o demək deyil ki, bizdə media azad deyil", - o, ötən həftə deyib.
İlham Əliyev əlavə edib ki, Azərbaycanda heç bir senzura yoxdur və azad internet var: "Əgər internet azaddırsa, hansı məhdudiyyətdən söhbət gedə bilər".
Fevral ayında Əliyev Bakıda Alman İqtisadiyyatının Şərq Komitəsinin nümayəndə heyəti ilə görüşündə Almaniya mətbuatının Azərbaycanda insan haqları ilə bağlı yazdıqlarını "tamamilə yalan" adlandırıb.
"Almaniya mətbuatında Azərbaycan guya azadlıqların təmin olunmadığı, insanların öz fikirlərinə görə həbs olunduğu, diktaturanın hökm sürdüyü despotik bir ölkə kimi təqdim edilir", - Azərbaycan Prezidenti deyib.
Azərbaycanda məmurların cəlb olunduğu iddia edilən korrupsiya halları barədə jurnalist araşdırmaları platforması Abzas Medianın Bakıdakı bütün rəhbərləri və əməkdaşları həbs edildikdən sonra, Almaniyada yaşayan jurnalist Leyla Mustafayeva qurumun baş redaktorluğunu üzərinə götürüb.
Hazırda Abzas Media onun rəhbərliyi altında fəaliyyət göstərir.
Martın 6-da polis Toplum TV-nin ofisində axtarış aparıb, qapısını möhürləyib.
Elə həmin gün onun Youtube-dakı eyni adlı kanalındakı bütün videoloar silinib.
Toplum TV-nin baş redaktoru Xədicə İsmayıl bunda martın 6-da ofisdə axtarış aparan polis əməkdaşlarını günahlandırıb.
Polis bu ittihama cavab verməyib.
Hazırda "ToplumTv"-nin Youtube kanalı fəaliyyətini dayandırıb, amma sayt olaraq, fəaliyyəti qismən aktivdir.
Ötən ilin noyabrından başlayaraq, müstəqil media nümayəndələrinin həbs olunması beynəlxalq ictimaiyətdə əks-səda doğurub.
Ən son reaksiya Avropa Şurasının insan hüquqları üzrə komissarı Michael O’Flaherty -dən gəlib. O bu il noyabrın 4-də Azərbaycan Prezidenti İlham Əliyevə hüquq müdafiəçilərinin, jurnalistlərin və fəalların həbsdən azad edilməsi ilə bağlı məktub ünvanlayıb.
Noyabrın 18-də Avropa Şurasının saytında dərc olunan bu məktubda komissar O'Flaherty hakimiyyətdən “qanuni fəaliyyətinə və ya hüquqlarını ifadə etdiklərinə görə həbsdə olan bütün hüquq müdafiəçilərinin, jurnalistlərin və vətəndaş cəmiyyəti fəallarının dərhal azad edilməsini” xahiş edib. O, həmçinin onlara qarşı cinayət ittihamının ləğv edilməsini, bununla bağlı məhdudiyyətləri, o cümlədən xaricə səyahət qadağalarının götürülməsini istəyib.
O’Flaherty, həmçinin Azərbaycan hakimiyyətindən polis nəzarətində olarkən bir neçə hüquq müdafiəçisi, jurnalist və fəalla pis rəftarla bağlı iddialarla bağlı səmərəli araşdırma aparmağı, vəkillə əlaqə və adekvat tibbi xidmət hüququna riayət olunmasını təmin etməyi xahiş edib.
Azərbaycan hakimiyyəti bu məktuba cavab olaraq deyib ki, Azərbaycan beynəlxalq insan haqları hüququ da daxil olmaqla, beynəlxalq öhdəliklərini yerinə yetirmək öhdəliyini bir daha təsdiqləyir və heç bir etibarlı sübut olmadan bunun əksini iddia edən bütün iddiaları qəti şəkildə rədd edir.
Hakimiyyətin məktubunda o da bildirilir ki, Azərbaycanda peşəkar işlərini yerinə yetirmək üçün hədəflənən jurnalist və ya media nümayəndəsi yoxdur.
Amnesty İnternational Beynəlxalq İnsan Haqları Təşkilatı hesab edir ki, Abzas Media əməkdaşları “cəsarətli araşdırmalarına görə" həbs olunub və "ittihamlarının güclü və mötəbər dəlillərlə təsdiqlənmədiyi halda", Azərbaycan hökuməti onları dərhal azad etməlidir.
Bu ilin martında Jurnalistlərin Beynəlxalq Müdafiə təşkilatı (Committee to Protect Journalists) bildirib ki, Azərbaycan hakimiyyəti Abzas Media əməkdaşlarına qarşı bütün ittihamları "dərhal ləğv etməli, haqsız yerə həbs edilən bütün jurnalistləri azad etməli və müstəqil mətbuata qarşı təzyiqlərə son qoymalıdır”.
Təşkilat Toplum TV-nin əməkdaşlarının həbsindən sonra "beynəlxalq ictimaiyyəti Azərbaycandakı təzyiqlərə son qoymaq üçün hakimiyyətə təzyiq" göstərməyə çağırıb.
Qurum bildirib ki, Azərbaycanın COP29 iqlim konfransına ev sahibliyindən istifadə edərək ondan insan hüquqlarına hörmət tələb etmək lazımdır.
Aprelin 28-də ABŞ Dövlət katibi Antony Blinken İlham Əliyevlə telefon danışığında ikinci dəfə ölkədə "haqsız yerə həbs olunanların" azad edilməsinə çağırıb. Bundan əvvəl, aprelin 3-də də Blinken Prezident İlham Əliyevə belə bir müraciət etmişdi.
Prezident İlham Əliyev cavabında bildirib ki, "insan hüquqları məsələsini bəhanə edərək, Azərbaycanın daxili işlərinə müdaxilə cəhdləri tamamilə qəbuledilməzdir" - president.az saytı yazıb.
Jurnalistlərlə yanaşı, hazırda vətəndaş cəmiyyətinin bəzi təmsilçiləri, ictimai-siyasi fəallar da həbs olunub.
Aprelin 30-da Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli, vəkilinin sözlərinə görə, qaçaqmalçılıqda ittiham edilərək, 3 ay 28 günlük həbs edilib.
Ötən ilin iyulunda həbs edilmiş tanınmış iqtisadçı alim Qubad İbadoğlu keçən həftə ev dustaqlığına buraxıldı. O, "saxta pul, qiymətli kağızlar əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədilməsi" maddəsi ilə təqsirləndirilir. Qubad İbadoğlu bu ittihamı rədd edir və həbsini siyasi-ictimai fəaliyyəti ilə əlaqələndirir.
Toplum TV-nin jurnalistləri ilə yanaşı, qurumun təsisçisi hüquqşünas Ələsgər Məmmədli də həbs olunub.
Azərbaycanda bəzi media təmsilçiləri səhhəti ilə bağlı onun istintaq dövründə ev dustaqlığına buraxılması üçün daxili işlər naziri Vilayət Eyvazova müraciət etsələr də, Ələsgər Məmmədli ev dustaqlığına buraxılmayıb.
Məmmədlidən başqa, III Respublika Platformasının təsisçiləri Ruslan İzzətli, Akif Qurbanov, Milli Şuranın üzvü Tofiq Yaqublu da hazırda həbsdədirlər.
Akif Qurbanov və Ruslan İzzətli "Toplum TV" işində saxlanıblar.
Ötən il həmçinin iqtisadçı və iş adamı Nazim Bəydəmirli, İşçi Masası Həmkarlar Konfederasiyasının sədri və 2 üzvü, həmçinin bəzi ictimai-siyasi fəallar həbs edilib.
İctimai fəal Bəxtiyar Hacıyev isə bir ildən artıqdır ki, həbsdədir. Hazırda onun işi üzrə məhkəmə prosesi başlayıb.