Rusiyanın Bryansk vilayətinə daxil olmağa cəhd edən 4 diversant öldürülüb.
Bu barədə Rusiya FTX-nin (FSB) mətbuat xidməti məlumat yayıb.
"Oktyabrın 27-də Rusiya FTX-nin Bryansk vilayəti üzrə sərhəd idarəsinin əməkdaşları Rusiya Silahlı Qüvvələri və Milli Qvardiyanın bölmələri ilə birlikdə Klimovski rayonunda Rusiyanın dövlət sərhədini pozmaq cəhdinin qarşısını alıblar", - məlumatda bildirilib.
Məlumatda vurğulanıb ki, toqquşma zamanı geri çəkilən qrupa raket və artilleriya zərbələri endirilib.
Onların xarici muzdlular olduğu ehtimal edilir. Belə ki, məhv edilənlərin üzərindən xarici silahlar, avadanlıqlar, rabitə vasitələri, habelə onların üçüncü ölkələrə aid olduğunu göstərən şəxsi əşyalar - Kanada bayrağı, polyak dilində dua kitabı, ingilis dilində taktiki hazırlığa dair qeydlər olan dəftər - aşkar edilib.