Kainatdakı planetlərin dairəvi olması hamıya məlum olsa da, əslində heç bir planet mükəmməl kürə deyil. Sürətlə fırlanan planetlərdə ekvator qabarıqları, gelgit qüvvələrinin təsiri ilə ulduza yaxın olanlarda isə deformasiyalar müşahidə olunur.
Cazibə qüvvəsi planetlərin səthlərini mümkün qədər homojen edir. Buna görə də planetin sferik forması əslində planetin tərifinin vacib bir hissəsidir.
Portuqaliya Astrofizika və Kosmos Elmləri İnstitutundan Susana Barros deyib ki, bir planetin dairəvi olmasının səbəbi onun kifayət qədər kütləsi olması və cazibə qüvvəsinin təsiri altında bu formanı almasıdır:
“Deməli, planetlərin dairəvi olması onların əsas xüsusiyyətlərindən biridir. Lakin bu o demək deyil ki, planetlər mükəmməl kürədir. Yer və buna bənzər planetlər öz oxu ətrafında fırlandığı üçün mükəmməl kürə şəklində deyillər. Planetlərin ekvator bölgələrində fırlanma nəticəsində yaranan mərkəzdənqaçma qüvvəsi səbəbindən bir qədər qabarıqlıq var. Planetlərin sürətli fırlanması təkcə ekvator qabarıqlığı yaratmır, həm də qütblərin düzləşməsinə səbəb ola bilər”.