Bu ilin I yarısında “Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin orta qiyməti 86,5 ABŞ dolları olub.
Bu barədə Maliyyə Nazirliyinin açıqladığı "2025-2028-ci illər üzrə Ortamüddətli Büdcə Çərçivəsi"ndə bildirilir.
Sənədə əsasən, bu, 2024-cü ilin ilkin təsdiq edilmiş büdcə parametrlərinin hesablanması zamanı götürülmüş qiymətdən (60 ABŞ dolları) 44,2 % çoxdur.
Geosiyasi risklərin davam etməsi və "OPEC+" ölkələrinin neft hasilatının azaldılması nəticəsində Dünya Bankının proqnozlarına əsasən 2024-cü illin sonuna “Brent” markalı xam neftin bir barelinin dünya bazarında orta satış qiyməti ötən illə müqayisədə cüzi artımla 84 ABŞ dolları səviyyəsində, qeyri-OPEC ölkələrində artan xam neft hasilatı ilə növbəti ildə isə 79 ABŞ dolları səviyyəsində olması gözlənilir. ABŞ-ın Enerji İnformasiya Administrasiyasının iyul hesabatına əsasən Yaxın Şərq regionunda münaqişələrin davam etməsi və Qırmızı dəniz ətrafında gəmilərə hücum ehtimalının mövcudluğu səbəbindən qlobal neft nəqlində yaranan maneələr xam neft qiymətlərinə artırıcı təsir edən əsas amillər olmuşdur. Hesabata əsasən 2025-ci ildə xam neftin bir barelinin orta satış qiyməti 88 ABŞ dolları səviyyəsində proqnozlaşdırılır.
Beynəlxalq Valyuta Fondunun (IMF) iyul proqnozlarına görə, “Brent” markalı neftin 1 barelinin proqnozlaşdırılan orta illik qiyməti 2024-cü ildə 81,26 ABŞ dolları, 2025-cü ildə isə 76,38 ABŞ dolları səviyyəsində gözlənilir.
Bundan əlavə, 2024-cü ilin birinci rübündə qış fəslində hava şəraitinin mülayim keçməsi və anbarlardakı təbii qaz ehtiyatlarının səviyyəsinin yüksək olması səbəbindən təbii qaz qiymətləri əvvəlki ilin müvafiq dövrünə nisbətən 28 % azalıb. Cari ilin mart ayında ABŞ-da təbii qazın orta qiyməti son 30 ilin ən aşağı səviyyəsinə çatdıqdan sonra, may ayında mayeləşdirilmiş qaz ixracatının artması səbəbindən kəskin yüksəlib. Bununla yanaşı, Avropada orta qaz qiymətlərinin 2025-ci ildə sənaye fəaliyyətinin canlanması və tələbatın artması fonunda 11 % yüksələcəyi proqnozlaşdırılır.