Azərbaycan Respublikası Gənclər Fondunun elan etdiyi "İdeyanı Reallaşdır 2023" gənclərin fərdi layihələrinin qrant müsabiqəsinin qalibi olan "Şanlı Qələbəmizə Gedən Yol" layihəsi çərçivəsində Qəbələ rayonunda layihə komandası tərəfindən şəhid Məhəmməd Mahir oğlu Qarayevin ailəsi ziyarət olunmuşdur.
Məhəmməd Qarayev 16 noyabr 2001-ci ildə Qəbələ şəhərində Mahir Qarayevin və Könül Qəribovanın ailəsində anadan olmuşdur.2007–2018-ci illərdə orta təhsil almışdır. 2018-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinə daxil olmuşdur. 2022-ci ildə həmin universitetdən məzun olaraq ali təhsilini başa vurmuşdur. Subay idi.
Məhəmməd Qarayev 2022-ci ilin iyun ayında ali təhsilini başa vurduqdan sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qəbələ rayon şöbəsi tərəfindən hərbi xidmətə çağırılmışdı. Çağırışa əsasən, Azərbaycan Silahlı Qüvvələrinin sıralarında, Azərbaycan-Ermənistan sərhədinin Kəlbəcər rayonu hissəsində yerləşən "N" saylı hərbi hissələrdən birində müddətli həqiqi hərbi xidmət edirdi.
12 may 2023-cü ildə saat 18:00 radələrində erməni hərbi birləşmələrinin Basarkeçər rayonunun Zod kəndi istiqamətində yerləşən bölmələri Azərbaycan Ordusunun üzbəüz mövqelərini D-30 topları və minaatanlardan atəşə tutmuşdur. Sərhəddə erməni hərbi birləşmələri tərəfindən törədilən təxribat nəticəsində Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət qulluqçusu Məhəmməd Qarayev Kəlbəcər rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur.
Xəyal Məmmədəliyev
Layihə rəhbəri