Azərbaycan Respublikası vətəndaşları tərəfindən nəqliyyat vasitələrinin idarə olunmasını qeyri-mümkün edən tibbi göstəricilərin siyahısı təsdiqlənib.
Səhiyyə Nazirliyinin Kollegiyası bu barədə qərar verib.
Nəqliyyat vasitələrinin idarə edilməsinə dair tibbi əks-göstərişlər aşağıdakılardır:
1.1. Psixi və davranış pozuntuları (ağır, davamlı və ya tez-tez kəskinləşən xəstəlik əlamətləri ilə müşayiət olunan xroniki psixi pozuntular olduqda).
1.1.1. Nəqliyyat vasitələrinin idarə edilməsinə qəti tibbi əks-göstərişlər aşağıdakılardır:
1.1.1.1. növündən asılı olmayaraq demensiya;
1.1.1.2. dərəcəsindən asılı olmayaraq əqli gerilik;
1.1.1.3. alkoqol və digər psixoaktiv maddələr tərəfindən törədilməyən üzvi amnestik sindrom;
1.1.1.4. psixoloji inkişafın ümumi pozuntuları (autizm).
1.1.2. Nəqliyyat vasitələrinin idarə edilməsinə müəyyən müddətdən sonra təkrar müayinə tələb edən tibbi əks-göstərişlər aşağıdakılardır:
1.1.2.1. alkoqol və digər psixoaktiv maddələr tərəfindən törədilməyən deliriy;
1.1.2.2. yüngül koqnitiv pozuntu;
1.1.2.3. üzvi hallüsinoz;
1.1.2.4. üzvi-katatonik hal;
1.1.2.5. üzvi sayıqlama (şizofreniyayabənzər) pozuntusu;
1.1.2.6. şizofreniya, şizotipik və sayıqlama pozuntuları;
Qeyd: bu Siyahının 1.1.2.1-1.1.2.6-cı abzaslarında qeyd olunan tibbi əks-göstərişlər barədə sağalma və ya davamlı tam remissiya müəyyən edildikdən sonra 5 il ərzində residiv müşahidə edilmədikdə nəqliyyat vasitələrinin idarə edilməsinə icazə verilə bilər.
1.1.2.7. bipolyar affektiv pozuntu;
1.1.2.8. rekurrent depressiv pozuntu;
1.1.2.9. üzvi affektiv pozuntu;
1.1.2.10. baş beynin xəstəliyi, zədələnməsi və ya disfunksiyası nəticəsində yaranan şəxsiyyət və davranış pozuntuları;
1.1.2.11. spesifik şəxsiyyət pozuntuları;
Qeyd: bu Siyahının 1.1.2.7-1.1.2.11-ci abzaslarında qeyd olunan tibbi əks-göstərişlər barədə sağalma və ya davamlı tam remissiya və ya tam kompensasiya müəyyən edildikdən sonra 3 il ərzində residiv və ya dekompensasiya müşahidə edilməyən zaman nəqliyyat vasitələrinin idarə edilməsinə icazə verilə bilər.
1.1.2.12. dissosiativ-konversion pozuntular;
1.1.2.13. üzvi mənşəli təşviş pozuntu;
1.1.2.14. üzvi mənşəli dissosiativ pozuntu;
1.1.2.15. psixoaktiv maddələrin qəbulu nəticəsində yaranan psixi və davranış pozuntuları (tütün qəbulu ilə bağlı psixi və davranış pozuntuları istisna olmaqla).
Qeyd: bu Siyahının 1.1.2.12-1.1.2.15-ci abzaslarında qeyd olunan tibbi əks-göstərişlər barədə sağalma və ya davamlı tam remissiya müəyyən edildikdən sonra 2 (iki) il ərzində residiv müşahidə edilməyən zaman nəqliyyat vasitələrinin idarə edilməsinə icazə verilə bilər.
1.1.3. Digər psixi pozuntular:
Digər psixi pozuntular zamanı şəxsin özünə və ya ətrafdakılara qarşı təhlükəli hərəkət etdiyi və ya niyyətində olması halları aşkar olduğu təqdirdə nəqliyyat vasitələrinin idarə edilməsinə dair məsələ yaşadığı ərazi üzrə həkim-psixiatr komissiyası (HPK) tərəfindən müəyyən edilir.
1.2. Sinir sisteminin xəstəlikləri:
Epilepsiya
1.3. Gözün və onun əlavə aparatının xəstəlikləri:
Axromatopsiya (tam rəng korluğu)
Binokulyar korluq
2. Fiziki çatışmazlığı olan şəxslər üçün nəqliyyat vasitələrinin idarə edilməsinə dair tibbi göstərişlər:
2.1. Əl ilə idarə edilən nəqliyyat vasitələrinin idarə edilməsinə dair tibbi göstərişlər:
2.1.1. pəncənin hərəkətinə əhəmiyyətli dərəcədə maneə törədən pəncənin deformasiyası;
2.1.2. aşağı ətrafın 6 sm-dən çox qısa olması (aşağı ətrafın sümük, yumşaq toxuma və oynaqlarında qüsurun olmadığı, hərəkət həcmi qorunub saxlanıldığı və aşağı ətrafın bud sümüyünün böyük burmasından daban sümüyünədək uzunluğu 75 sm-dən çox olduğu hallar istisna olmaqla);
2.1.3. hər iki budun amputasiyasından sonrakı vəziyyət;
2.1.4. hər iki baldırın amputasiyasından sonrakı vəziyyət;
2.1.5. bir aşağı ətrafda hərəkət və statik funksiyalarının pozulması ilə yanaşı digər aşağı ətrafda bud və ya baldır güdülünün olması (ayaq pəncəsinin amputasiyadan sonra güdülü, deformasiyası, damar xəstəlikləri və iri periferik sinir köklərində pozulmalar və s.);
2.1.6. duruşu və yerişi xeyli çətinləşdirən onurğa sütunun, çanağın və aşağı ətrafların davamlı deformasiyası və ya xəstəliyi (aşağı ətrafların ankilozlaşan poliartriti, ağır kifoskolioz, sıxılma (kompressiya) əlamətləri olan spondilit, psevdoartroz, II və III dərəcəli endarteriit, fil ayağı və s.);
2.1.7. oturmaq imkanı olmaqla aşağı ətrafların iflici;
2.1.8. çoxsaylı trofik pozuntular (geniş sağalmayan xoralar) olmaqla bir aşağı ətrafda sinir-damar dəstəsinin zədələnməsi.
2.2. Avtomatik transmissiyalı nəqliyyat vasitələrinin idarə edilməsinə dair tibbi göstərişlər:
2.2.1. yuxarı ətrafın və ya əlin olmaması;
2.2.2. aşağı ətrafın və ya pəncənin olmaması;
2.2.3. əlin və ya pəncənin hərəkətini əhəmiyyətli dərəcədə məhdudlaşdıran əlin və ya pəncənin deformasiyası;
2.2.4. yuxarı ətrafların birinin olmaması ilə yanaşı bud və ya baldır güdülü;
2.2.5. barmaqların və falanqaların olmaması, həmçinin falanqalararası oynaqlarda hərəkətsizlik:
a) əlin baş barmağında 2 falanqanın olmaması;
b) sağ əldə 2 və ya daha çox barmağın olmaması və ya hərəkətsizliyi və ya ən azı bir barmağın tam qatlanmaması;
c) sol əldə 3 və ya daha çox barmağın olmaması və ya hərəkətsizliyi və ya ən azı bir barmağın tam qatlanmaması.
2.2.6. mərkəzi sinir sisteminin zədələnməsinin hemiplegiya şəklində qalıq əlamətlərinin olması.
2.3. Akustik parklama sistemi ilə təchiz olunmuş nəqliyyat vasitələrinin idarə edilməsinə dair tibbi göstərişlər:
2.3.1. monokulyar (bir gözdə) korluq.
2.4. Sürücü tərəfindən görmə qabiliyyətini korreksiya edən tibbi cihazlardan istifadə etməklə nəqliyyat vasitələrinin idarə edilməsinə dair tibbi göstərişlər aşağıdakılardır:
2.4.1. eynək və ya kontakt linzalardan istifadə etməklə görmə itiliyinin icazə verilən səviyyəyə qədər artırılması şərti ilə görmə itiliyini icazə verilən səviyyədən aşağı salan refraksiya anomaliyası.
2.5. Sürücü tərəfindən eşitmə qabiliyyətinin itirilməsini kompensasiya edən tibbi cihazlardan istifadə etməklə nəqliyyat vasitələrini idarə edilməsinə dair tibbi göstərişlər:
2.5.1. texniki reabilitasiya vasitələrindən (eşitmə cihazı, nitq prosessoru) istifadə etməklə qulağın eşitmə qabiliyyətinin icazə verilən səviyyəyədək yaxşılaşdırılması şərti ilə qulağın və məməyəbənzər çıxıntının eşitməni icazə verilən səviyyədən aşağı salan xəstəlikləri.
3. Kateqoriyalar üzrə nəqliyyat vasitələrinin idarə edilməsinə dair tibbi məhdudiyyətlər:
3.1. "A" kateqoriyalı motosikletləri və "A1" və ya "B1" alt kateqoriyalı motosiklet oturacağı və ya motosiklet tipli sükan ilə təchiz olunmuş nəqliyyat vasitələrinin idarə edilməsinə dair tibbi məhdudiyyətlər aşağıdakılardır:
3.1.1. korreksiya növündən (eynək, kontakt linza, cərrahi), ametropiyanın dərəcəsindən və növündən və ya gözün uzunluq ölçüsündən asılı olmayaraq iki açıq gözdə dözülə bilən korreksiya ilə görmə itiliyinin yaxşı görən gözdə 0,6-dan aşağı, pis görən gözdə isə 0,2-dən aşağı olması;
3.1.2. korreksiya növündən (eynək, kontakt linza, cərrahi), ametropiyanın dərəcəsindən və növündən və ya gözün uzunluq ölçüsündən asılı olmayaraq görən gözdə dözülə bilən korreksiya ilə görmə itiliyi 0,8-dən aşağı olmaqla bir gözdə korluq;
3.1.3. bir ay ərzində gözün buynuz qişasının refraksiya əməliyyatlarından və ya digər refraksiya əməliyyatlarından sonra ağırlaşmalar olmadıqda, ametropiyanın dərəcəsindən və növündən və ya gözün uzunluq ölçüsündən asılı olmayan hal;
3.1.4. görmə qabiliyyətinin əhəmiyyətli dərəcədə pozulması ilə müşayiət olunan göz qişalarının xroniki xəstəlikləri, görmə qabiliyyətinə mane olan və ya göz almacıqlarının hərəkətini məhdudlaşdıran göz qapaqları əzələlərinin parezi;
3.1.5. hər hansı bir etiologiya səbəbindən yaranan davamlı diplopiya;
3.1.6. göz bəbəklərinin orta vəziyyətdən 70 dərəcə kənara çıxması zamanı spontan nistaqm;
3.1.7. görmə sahəsinin hər hansı bir meridianda 20 dərəcədən çox məhdudlaşması;
3.1.8. bir yuxarı və ya aşağı ətrafın, əlin və ya pəncənin olmaması, həmçinin əl və pəncədə hərəkəti əhəmiyyətli dərəcədə çətinləşdirən əl və ya pəncənin deformasiyası;
3.1.9. barmaqların və falanqaların olmaması, həmçinin falanqalararası oynaqlarda hərəkətsizlik:
a) əlin baş barmağında 2 falanqanın olmaması;
b) sağ əldə 2 və ya daha çox barmağın olmaması və ya hərəkətsizliyi və ya azı bir barmağın tam qatlanmaması;
c) sol əldə 3 və ya daha çox barmağın olmaması və ya hərəkətsizliyi və ya azı bir barmağın tam qatlanmaması.
3.1.10. aşağı ətrafın 6 sm-dən çox qısa olması (aşağı ətrafın sümük, yumşaq toxuma və oynaqlarında qüsurun olmadığı, hərəkət həcmi qorunub saxlanıldığı və aşağı ətrafın bud sümüyünün böyük burmasından daban sümüyünədək uzunluğu 75 sm-dən çox olduğu hallar istisna olmaqla);
3.1.11. vestibulyar analizatorun disfunksiyasına, başgicəllənmə sindromuna və ya nistaqma səbəb olan hər hansı bir etiologiyalı xəstəliklər (menyer xəstəliyi, labirintit, hər hansı bir etiologiyalı vestibulyar kriz və s.).
3.2. "B" və "BE" kateqoriyalı və ya "B1" alt kateqoriyalı nəqliyyat vasitələrinin idarə edilməsinə dair tibbi məhdudiyyətlər (motosiklet oturacağı və ya motosiklet tipli sükan ilə təchiz edilmiş nəqliyyat vasitələri istisna olmaqla) aşağıdakılardır:
3.2.1. korreksiya növündən (eynək, kontakt linza, cərrahi), ametropiyanın dərəcəsindən və növündən və ya gözün uzunluq ölçüsündən asılı olmayaraq iki açıq gözdə dözülə bilən korreksiya ilə görmə itiliyinin yaxşı görən gözdə 0,6-dan aşağı, pis görən gözdə isə 0,2-dən aşağı olması;
3.2.2. bir ay ərzində gözün buynuz qişasının refraksiya əməliyyatlarından və digər refraksiya əməliyyatlarından sonra ağırlaşmalar olmadıqda, ametropiyanın dərəcəsindən və növündən və gözün uzunluq ölçüsündən asılı olmayan hal;
3.2.3. görən gözün görmə qabiliyyətindən asılı olmayaraq bir gözdə korluq;
3.2.4. görmə qabiliyyətinin əhəmiyyətli dərəcədə pozulması ilə müşayiət olunan göz qişalarının xroniki xəstəlikləri, görmə qabiliyyətinə mane olan və ya göz almacıqlarının hərəkətini məhdudlaşdıran göz qapaqlarının əzələlərinin parezi;
3.2.5. hər hansı bir etiologiya səbəbindən yaranan davamlı diplopiya;
3.2.6. göz bəbəklərinin orta vəziyyətdən 70 dərəcə kənara çıxması zamanı spontan nistaqm;
3.2.7. görmə sahəsinin hər hansı bir meridianda 20 dərəcədən çox məhdudlaşması;
3.2.8. bir yuxarı və ya aşağı ətrafın, əlin və ya pəncənin olmaması, həmçinin əl və pəncədə hərəkəti əhəmiyyətli dərəcədə çətinləşdirən əl və ya pəncənin deformasiyası;
3.2.9. mərkəzi sinir sistemində yuxarı paraplegiya şəklində qalıq qüsurlar;
3.2.10. vestibulyar analizatorun disfunksiyasına, başgicəllənmə sindromuna və ya nistaqma səbəb olan hər hansı bir etiologiyalı xəstəliklər (menyer xəstəliyi, labirintit, hər hansı bir etiologiyalı vestibulyar kriz və s.).
3.3. "C", "CE", "D", "DE", "Tm" (tramvayları idarə etmək üçün) və ya "Tb" (trolleybusları idarə etmək üçün) və "C1", "D1", "C1E" və ya "D1E" alt kateqoriyalı nəqliyyat vasitələrinin idarə olunması üçün tibbi məhdudiyyətlər aşağıdakılardır:
3.3.1. ametropiyanın növündən və korreksiya növündən (eynək, kontakt linza) asılı olmayaraq iki açıq gözdə dözülə bilən korreksiya ilə yaxşı görən gözdə yüksək ekvivalentlə 8 dptr.-dan çox olmamaqla görmə itiliyinin yaxşı görən gözdə 0,8-dan aşağı, pis görən gözdə isə 0,4-dən aşağı olması;
3.3.2. görən gözün görmə qabiliyyətindən asılı olmayaraq bir gözdə korluq;
3.3.3. bir ay ərzində gözün buynuz qişasının refraksiya əməliyyatlarından və digər refraksiya əməliyyatlardan sonra ağırlaşmalar olmadıqda, ametropiyanın dərəcəsindən və növündən və ya gözün uzunluq ölçüsündən asılı olmayan hal;
3.3.4. görmə qabiliyyətinin əhəmiyyətli dərəcədə pozulması ilə müşayiət olunan göz qişalarının xroniki xəstəlikləri, görmə qabiliyyətinə mane olan və ya göz almacıqlarının hərəkətini məhdudlaşdıran göz qapaqlarının əzələlərinin parezi;
3.3.5. hər hansı bir etiologiya səbəbindən yaranan davamlı diplopiya;
3.3.6. göz bəbəklərinin orta vəziyyətdən 70 dərəcə kənara çıxması zamanı spontan nistaqm;
3.3.7. görmə sahəsinin hər hansı bir meridianda 20 dərəcədən çox məhdudlaşması;
3.3.8. yuxarı ətrafın və ya əlin olmaması;
3.3.9. aşağı ətrafın və ya pəncənin olmaması;
3.3.10. əl və pəncədə hərəkəti əhəmiyyətli dərəcədə çətinləşdirən əl və ya pəncənin deformasiyası;
3.3.11. barmaqların və falanqaların olmaması, həmçinin falanqalararası oynaqlarda hərəkətsizlik:
a) əlin baş barmağında 2 falanqanın olmaması;
b) sağ əldə 2 və ya daha çox barmağın olmaması və ya hərəkətsizliyi və ya ən azı bir barmağın tam qatlanmaması;
c) sol əldə 3 və ya daha çox barmağın olmaması və ya hərəkətsizliyi və ya ən azı bir barmağın tam qatlanmaması.
3.3.12. mərkəzi sinir sistemində hemiplegiya və ya paraplegiya şəklində qalıq əlamətlər;
3.3.13. aşağı ətrafın 6 sm-dən çox qısa olması (aşağı ətrafın sümük, yumşaq toxuma və oynaqlarında qüsur olmadıqda, hərəkətin həcmi qorunub saxlanıldıqda və aşağı ətrafın bud sümüyünün böyük burmasından daban sümüyünədək uzunluğu 75 sm-dən çox olduğu hallarda şəxs nəqliyyat vasitəsini idarə etməyə yararlı sayılır);
3.3.14. kəllə sümüklərində travmatik deformasiyalar və qüsurlarla yanaşı nəzərəçarpan nevroloji simptomların olması;
3.3.15. eşitmənin itirilməsinin kompensasiya üsulundan asılı olmayaraq, nitqin bir və ya hər iki qulaqda 3 m-dən az olan məsafədə, pıçıltının isə 1 m və ya daha az məsafədə eşidilməsi;
3.3.16. vestibulyar analizatorun disfunksiyasına, başgicəllənmə sindromuna və ya nistaqma səbəb olan hər hansı bir etiologiyalı xəstəliklər (menyer xəstəliyi, labirintit, hər hansı bir etiologiyalı vestibulyar kriz və s.);
3.3.17. boy ölçüsünün 150 sm-dən az olması.
4. Nəqliyyat vasitələrinin idarə edilməsinə müəyyən müddətdən sonra təkrar müayinə tələb edən və fərdi qaydada həll edilən tibbi əks-göstərişlər:
4.1. Daimi və nəzərə çarpan funksiya pozulmaları, orqan və sistemlərdə proqressivləşən ağırlaşmalarla fəsadlaşan endokrin xəstəliklər;
Qeyd: ildə 1 dəfə endokrinoloqun müayinə və müalicəsindən sonra verdiyi rəy əsasında nəqliyyat vasitələrinin idarə edilməsinə buraxılma məsələsi fərdi həll edilir.
4.2. Ürəyin işemik xəstəliyi: Qeyri-stabil stenokardiya, gərginlik stenokardiyası üçüncü dərəcəli funksional sistem, ürək ritminin pozulmaları, miokard infarktından sonrakı vəziyyət, müxtəlif etiologiyalı ürək xəstəlikləri (endokardit, miokardit və s.). Ürək və damarların müxtəlif etiologiyalı anadangəlmə və qazanılmış qüsurları (kompensasiya olduqda), ürək və magistral damarlarda əməliyyatdan sonrakı vəziyyət (yaxşı uzaq nəticələr və kompensasiya olduqda);
Qeyd: ildə 1 dəfə kardioloqun müayinə və müalicəsindən sonra nəqliyyat vasitələrinin idarə edilməsinə buraxılma məsələsi fərdi həll edilir.
4.3. Arterial hipertenziya III dərəcə;
Qeyd: ildə 1 dəfə kardioloqun müalicə və tövsiyələrindən sonra nəqliyyat vasitələrinin idarə edilməsinə buraxılma məsələsi fərdi həll edilir.
4.4. Bronx və ağciyər xəstəlikləri - tənəffüs çatışmazlığı və ya II-III dərəcə ağciyər-ürək çatışmaz-lığı əlamətləri ilə keçərsə;
Qeyd: pulmonoloqun müayinə və müalicəsindən sonra nəqliyyat vasitələrinin idarə edilməsinə buraxılma məsələsi fərdi həll edilir.
Qeyd:
1. Yük daşınması üçün istifadə edilən və göstərilən kateqoriyalara və altkateqoriyalara aid olan avtonəqliyyat vasitələrinin özüyeriyən şassiləri "B", "C" kateqoriyalı və "C1" altkateqoriyalı nəqliyyat vasitələrinə bərabər tutulur.
2. Yerüstü nəqliyyat vasitələrinin idarə edilməsində:
2.1. icbari tibbi müayinələrin sayı: 2 ildə 1 dəfə
2.2. mütəxəssislər: Terapevt (şəxs 18 yaşdan aşağı olduqda pediatr), nevroloq, cərrah, travmatoloq-ortoped, psixiatr, narkoloq, endokrinoloq, oftalmoloq, otorinolarinqoloq
2.3. müayinələr: Boy, çəki, qan qrupu və rezus faktorun təyini, vestibulyar aparatın müayinəsi, audiometriya, viziometriya, perimetriya, göz dibinin və rəng duyğusunun müayinəsi.
3. Yerüstü nəqliyyat vasitələri istisna olmaqla digər nəqliyyat vasitələrinin idarə edən şəxslərin icbari tibbi müayinələrin dövriliyi, müvafiq həkim-mütəxəssislərin iştirakı ilə aparılan laborator və funksional müayinələr və həmin nəqliyyat vasitələrini idarə etməyə tibbi əks-göstərişlər Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "İcbari tibbi müayinələrin təkmilləşdirilməsi barədə" 2012-ci il 13 dekabr tarixli 46 nömrəli Qərarı ilə müəyyən edilir.