İranın 1936-cı ildə araşdırılmaq üçün ABŞ-yə göndərdiyi, Əhəməni (Fars) İmperatorluğu dövrünə (e.ə. 550-330-cu illər) aid 1100 tarixi lövhə ölkəyə qaytarılıb. Artefaktlar İran Prezidenti Məsud Pezeşkianı daşıyan təyyarə ilə İrana aparılıb.
Bu barədə ölkənin mədəni irs, turizm və əl sənətləri nazirinin müavini Əli Darabi xəbər verib.
Onun sözlərinə görə, bu əsərlər 1932-ci ildə Persepolis ətrafında aparılan arxeoloji və turizm qazıntıları zamanı aşkar edilib və 1936-cı ildə tədqiqat məqsədilə xaricə çıxarılıb.
O da vurğulanıb ki, qaytarılan lövhələr mixi yazısı ilə "Elam" əlifbasında yazılıb və Əhəməni dövründə İranlıların həyatını təsvir edən mövzuları ehtiva edir.
Darabi bundan əvvəl də (1948, 1950, 2004 və 2023-cü illərdə) bu əsərlərin bir hissəsinin İrana qaytarıldığını vurğulayıb.