Fransa Prezidenti Emmanuel Makronun anti-Azərbaycan isterikası o həddə çatıb ki, BMT tribunasını özünün şər və böhtanlarına şərik edib. O, ölkəsində və beynəlxalq aləmdə yaşanan problemləri, müharibələri görməzdən gələrək ərazi bütövlüyü və suverenliyini bərpa edən Azərbaycanı hədəfə alıb. Makron bu ali kürsüdəki çıxışını sülh və əmin-amanlıq üzərində deyil, birtərəfli qaydada Azərbaycanı tənqid etmək üzərində qurub.
"Fransa Azərbaycanın təzyiqi və ərazi gərginliyi qarşısında Ermənistanın yanında möhkəm dayanır. Beynəlxalq ictimaiyyət sülh danışıqlarının uğurla nəticələnməsi və beynəlxalq tanınmış sərhədlərin qorunması üçün yaxında olmalıdır", - deyə o bildirib.
Fransa lideri, görəsən, hansı ərazi gərginliyindən dəm vurur? Bəli, bu gərginlik 30 il əvvəl olub və həllini də tapıb. Hətta Ermənistanın baş naziri Nikol Paşinyan belə bu gün bəyan edib ki, Azərbaycanla sülh sazişini COP29-a kimi imzalamağa hazırdır. Makron isə çıxışında hansısa təzyiqdən bəhs edir. Özü də həyasızcasına beynəlxalq ictimaiyyəti sərhədlərin qorunması üçün yaxında olmağa çağırıb.
Ortaya belə bir sual çıxır; bəs Azərbaycanın sərhədləri pozulduğu bütün bu illər ərzində bu ictimaiyyət harada idi? ATƏT-in Minsk qrupunun həmsədr dövləti kimi niyə Fransa rəhbərlərindən biri də bu təşəbbüslə çıxış etməyib? O zaman Fransa və şəxsən Makron harada idi?
Sülh danışıqlarından bir kəlmə belə danışmayan Makronun çirkin məramlı olduğu göz önündədir. Burada bir müqayisə aparmaq yerinə düşər. Ondan əvvəl ali tribunadan çıxış edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasını dəstəklədiklərini dediyi halda, Fransa lideri qərəz və qızışdırıcı bəyanatı ilə yadda qalıb. O bildirib ki, Ankara tərəflər arasında dialoqun müsbət nəticə verəcəyinə ümid edir: "Bakı ilə İrəvan arasında münasibətlərin normallaşması bizimlə Ermənistan arasında əlaqələrə də təsir edəcək".
Anti-Azərbaycan isterikanı digər bir fransız rəsmi, yeni təyin olunan xarici işlər naziri Jan-Noel Barro isə başqa bir tribunada davam etdirib. O, öz "X" sosial şəbəkəsində yazıb ki, fransalı nazirin Ermənistana səfərindən iki həftə sonra erməni həmkarı Ararat Mirzoyanla danışıqları davam etdirir. "Biz Ermənistanın demokratiyasının suverenliyini və dayanıqlılığını, Cənubi Qafqazda ədalətli və davamlı sülhü dəstəkləyirik", - deyə o qeyd edib. Yeni nazir Azərbaycanın Qarabağda separatçı-terrorçulara qarşı apardığı antiterror tədbirlərinə də toxunub.
Qatı ermənipərəst mövqeyi ilə seçilən Fransanın Ermənistandakı səfiri Olivye Dekotinyi nazirin müraciətini oxuyub. Ermənistanda səfirlikdə keçirilən tədbirdə çıxışı zamanı səfir Olivye Dekotinyi "bir il əvvəl Qarabağdan ermənilərin zorla çıxarılması prosesinə başlanılıb" deyə nazirdən sitat gətirib.
Ermənistanın müstəqilliyinin 33-cü ildönümü münasibətilə keçirilən tədbirdə "Fransa heç nəyi unutmur və nə onların geri qayıtmaq hüququ, nə də onların mədəni və dini irsinin qorunması ilə bağlı heç nədə güzəştə getməyəcək", - deyib. Nazirin həyasızlığı və başqa dövlətin daxili işlərinə qarışması o həddə çatıb ki, Fransanın heç nəyi unutmadığını dilə gətirib.
Yeri gəlmişkən, rəsmi Bakı erməni lobbisinin təsiri altında olan Fransa liderinin fikirlərinə sərt reaksiya verib.
"Fransa Prezidenti Emmanuel Makronun 25 sentyabr tarixində BMT Baş Assambleyasında çıxışı zamanı "Azərbaycanın Ermənistana təzyiqləri və ərazi iddiaları şəraitində Fransanın Ermənistanla çiyin-çiyinə dayandığı" fikirləri Fransanın həm ölkəmizə, həm də ümumilikdə sülh prosesinə göstərdiyi qərəzli ermənipərəst yanaşmanın növbəti nümunəsidir". Bunlar isə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Fransa Prezidenti Emmanuel Makronun fikrinə şərhində bildirilib. Qeyd edilib ki, İrəvanı revanşizmə hazırlayan, bu ölkənin geniş şəkildə silahlanmasını həyata keçirən Fransanın Azərbaycan tərəfini təzyiqlərdə təqsirləndirməsi qəbuledilməzdir.
XİN bəyan edib ki, 30 ilə yaxın Azərbaycan ərazilərini işğal altında saxlayan, bir milyona yaxın azərbaycanlını öz doğma yurd-yuvasından didərgin salmış, kütləvi qırğınlar və insanlığa qarşı cinayətlər törətmiş, Ermənistan ərazisindən kütləvi şəkildə deportasiya edilmiş yüzminlərlə azərbaycanlının qayıdış hüququnu heçə sayan Ermənistanın sülhsevər qurban ölkə kimi təqdim olunması Fransanın apardığı siyasətin nə qədər ədalətsiz olduğunu nümayiş etdirir.
Azərbaycan torpaqlarının Ermənistan tərəfindən otuz il ərzində işğalına dəstək vermiş, bir milyon azərbaycanlının Ermənistandan və işğal olunmuş Azərbaycan ərazilərindən qovulmasına göz yummuş, vaxtilə münaqişənin dinc yolla həlli üçün atılan addımlara qarşı çıxmış Fransa rəhbəri, rəsmiləri növbəti ikiüzlü bir yanaşma ortaya qoyublar.
Halbuki, Makronun riyakarcasına çıxışlar etdiyi BMT Baş Assambleyası Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edildiyini təsdiq edən dörd qətnamə qəbul edib. Aydın məsələdir ki, imperialist gündəliyə malik Fransa, Azərbaycanın beynəlxalq hüquqa uyğun olaraq münaqişəni həll edib, öz suverenliyini və ərazi bütövlüyünü bərpa etməsindən narazıdır. Çünki bu, onun regionun işlərinə müdaxilə etmək imkanlarını məhdudlaşdırır. Makron bölgədə yenidən münaqişə yaratmaq məqsədilə Ermənistana böyük həcmdə silah göndərir və buna informasiya hazırlığı kimi beynəlxalq platformalarda sanki regionda müəyyən gərginlik olduğu təəssüratı yaratmağa çalışır. Azərbaycana qarşı atdığı böhtanlar da Makronun bu məqsədinə xidmət edir.
Fransa lideri BMT-də çıxışında illərdir keçmiş müstəmləkələrində yol verdiyi qanunsuzluqlardan nədənsə bəhs etməyib. Fransız imperiyası əsrlər boyu Karib dənizi, Sakit okean və Afrikada geniş müstəmləkələr yaradıb və bu ərazilərdə öz idarəçiliyini gücləndirib. Yerli xalqlar iqtisadi, siyasi və mədəni təzyiqə məruz qalıblar. Belə ərazilərdən biri də Martinikdir.
Amerika qitəsinə ayaq basandan sonra Fransa yerli xalqın əlindən hər şeyi aldı. Ən dəhşətlisi odur ki, tətbiq etdikləri kimyəvi maddələr nəticəsində əhalinin 90 faizi zəhərlənib və çox adamda xərçəng xəstəliyi yaranıb. Fransa bu məsələ ilə bağlı həkimlərə belə danışmağa icazə verməyib. Zəhərli olmasına rəğmən Fransa tərəfindən Martinikdə kənd təsərrüfatı sahəsində hələ də xloredkon istifadə edilir. Nəticədə Martinikin torpaqları uzun illərdir çirklənib və orada xərçəng göstəriciləri dünyada ən yüksəkdir.
Bu gün Fransa Martinik xalqının öz müqəddəratını təyinetmə hüququnu tam təmin etmədiyinə görə BMT Nizamnaməsinin maddələrini pozur. Məsələn, BMT Nizamnaməsinin 73-cü maddəsinə əsasən, Fransa Martinik xalqına daha geniş özünüidarə və ya müstəqillik hüququ verməlidir. BMT-nin 1514 (XV) saylı qətnaməsinə uyğun olaraq, Fransa müstəmləkə sistemini davam etdirdiyi üçün bu qətnamənin müddəalarını pozur. 1541 (XV) saylı qətnaməyə əsasən Fransa Martinik xalqına müstəqillik və ya geniş daxili özünüidarə hüququ vermək istəmir və onun müddəalarını bilərəkdən pozur. 1946-cı il qanunsuz Referendumu nəticəsində Martinik Fransanın dənizaşırı departamenti statusunu alır. Bununla, Martinik beynəlxalq hüququn və yerli əhalinin öz müqəddəratını təyinetmə hüququna zidd olaraq Fransa ərazisinin bir hissəsi kimi rəsmi olaraq tanınır və idarəçilik baxımından Fransa qanunlarına tam şəkildə tabe edilir.
Beləliklə, Makron və komandasının üzvləri növbəti dəfə Cənubi Qafqazda sülh və əmin-amanlığa dəstək verib, sülh göyərçini kimi çıxış etmək yolunu yox, qırğı rolunda çıxış etməyə üstünlük verdi. Bununla da, Paris riyakar və müharibə tərəfdarı olduğunu növbəti dəfə nümayiş etdirmiş oldu. Son söz, təbii ki, Ermənistanın və onun xalqınındır. Regionu yenidən müharibəyə, revanşizmə sürükləyənlərin deyil, sülhə çağırış edənlərin səsinə qulaq asmağın zamanıdır.