İsrailin bölgəyə hücumları Yaxın Şərqdə gərginliyi artırıb. Qəzzaya hücumlarından sonra İsrail indi istiqamətini Livana yönəldib. Ölkədəki "Hizbullah" hədəflərinə hava zərbələri endirən İsrailin quru müharibəsinə başlayıb-başlamayacağı isə müzakirə mövzusuna çevrilib.
Məsələ ilə bağlı İsrailin BMT-dəki daimi nümayəndəsi Denni Danon jurnalistlərə açıqlama verib.
O, "İsrailin başqa bir cəbhə ilə mübarizə aparmağa gücü varmı" sualına cavabında keçmişdə Livanla müharibə təcrübəsi yaşadıqlarını bildirib:
"Biz qurudan hücum etməyə həvəsli deyilik. Oğlumu və ya oğullarımızı yad bir ölkədə döyüşə göndərmək istəmirəm".
Eyni zamanda Danon İsraildəki mülki insanları qorumaqda qərarlı olduqlarını qeyd edib: "Biz diplomatik həllə üstünlük veririk. Əgər bu, işə yaramazsa, qarşı tərəfə ciddi olduğumuzu göstərmək üçün başqa üsullardan istifadə edə bilərik".
Danon İsrailin baş naziri Binyamin Netanyahunun BMT Baş Assambleyasına qatılıb-qatılmayacağı ilə bağlı suala cavabında onun 26 sentyabr cümə axşamı Nyu Yorka gəlməyi planlaşdırdığını, cümə günü isə Baş Assambleyada çıxış edəcəyini bildirib.