Səhər qəzeti

İbrahim Rəisinin helikopterinin qəzaya uğraması ilə bağlı yekun hesabat açıqlanıb

Tarix:1-09-2024, 19:58
Baxış Sayı:0

 

İran Prezidenti İbrahim Rəisi və digər rəsmi şəxslərin həlak olduğu helikopter qəzasının əsas səbəbi bölgənin mürəkkəb iqlim və atmosfer şəraiti kimi göstərilib.

Bu barədə helikopter qəzasının səbəblərini araşdıran Ali Komissiyanın yekun hesabatı dərc olunub.

Hesabatda bildirilir ki, yaz aylarında birdən-birə sıx duman kütləsi hündürlüyə doğru yüksəlib və nəticədə helikopter dağa çırpılıb.

Hesabatda həmçinin qeyd edilir ki, qəzaya uğrayan helikopterin texniki, mühəndislik, elektron və naviqasiya sistemləri diqqətlə ekspertizadan keçirilib və nəticə əldə edilib.

Bundan başqa, son dörd ildə helikopterin təmiri ilə bağlı sənədlər ekspertlər tərəfindən araşdırılıb və heç bir problem müşahidə olunmayıb.

Təbrizdən Ağbənd körpüsünə, Qız Qalası bəndinə və oradan Təbriz Neft Emalı Zavoduna gedən uçuş marşrutları mütəxəssislər tərəfindən diqqətlə yoxlanılıb və helikopterin proqnozlaşdırılan marşrut üzrə hərəkət etdiyi, bu marşrutdan kənara çıxmadığı müəyyən edilib.

Helikopterin qalan hissələri və sistemləri (mühərrikləri, enerji ötürücü və yanacaq sistemləri, elektron avadanlıqlar) Müdafiə Nazirliyinin Aviasiya Sənayesi Təşkilatının ekspertləri tərəfindən sınaqdan keçirilib və qəzanın baş verməsinə təsir edən heç bir qüsur aşkar edilməyib.

Meteorologiya Təşkilatının qəza baş verdiyi gündən olan hesabatları, cari hava şəraiti və qeyri-sabit hava şəraiti ilə bağlı xəbərdarlıqlar ekspertlər tərəfindən araşdırılıb.

Məhkəmə Tibbi Texniki Komitəsinin araşdırma hesabatına görə, həlak olan şəxslərin bədənlərində aparılan toksikoloji və patoloji müayinələrdə şübhəli hal aşkarlanmayıb.

Helikopterin hissələri və sistemləri ekspertlər tərəfindən yoxlanılıb və heç bir təxribat əlamətləri aşkar edilməyib.

Helikopterin hücum və müdafiə sistemləri, elektron müharibə, maqnit sahəsinin və lazerin yaradılması ehtimalı mütəxəssislər tərəfindən yoxlanılıb və bu halların qəza baş verməsinə hər hansı müdaxiləsi istisna edilib.

Bütün hallar, ətraflı ekspertiza, ixtisaslaşdırılmış araşdırmalar və onların nəticələri nəzərə alınaraq, Silahlı Qüvvələrin Baş Qərargahının Ali Ekspert Şurasının yekun rəyi belədir: "Helikopterin qəzaya uğramasının əsas səbəbi bölgənin mürəkkəb iqlim və atmosfer şəraiti, yaz aylarında birdən-birə sıx duman kütləsinin hündürlüyə doğru yüksəlməsi və helikopterin dağla toqquşmasıdır".

Qeyd edək ki, göyərtəsində İbrahim Rəisi və digər rəsmi şəxslərin olduğu helikopter bu il mayın 19-da İran ərazisində qəzaya uğrayıb. Prezident İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian və daha bir neçə rəsmi şəxs qəzada həlak olublar.

Digər xəbərlər
XƏBƏR LENTİ