"Meymunçiçəyi virusu, halların sayı artdıqca daha tez mutasiya edə bilər".
Bunu Rusiya Təhsil Akademiyasının epidemioloqu və vitse-prezidenti Gennadi Onişenko TASS-a bildirib.
O deyib ki, infeksiyanın hava-damcı yolu ilə ötürülməyə başlaması ehtimalı var.
“Nə qədər çox insan xəstələnsə, genetik sıçrayış bir o qədər tez baş verə bilər. İnsanlar xəstələnməyə və infeksiyanı bir-birinə qeyri-təbii şəkildə ötürməyə başladılar, lakin heç kim onun çiçək xəstəliyi kimi klassik versiyada hava damcıları ilə ötürülməyə başlayacağını istisna etmir”, - o qeyd edib.
Onişenko həm çiçək xəstəliyinə, həm də meymunçiçəyi xəstəliyinə səbəb olan ortopoxvirusa (mpox) qarşı vaksinlərin hazırlanmasının zəruriliyini vurğulayıb.
Çiçək peyvəndi meymunçiçəyinə qarşı qorunma təmin edir, lakin 1980-ci ildən, çiçək xəstəliyinin kökünün kəsildiyi elan edildikdən sonra peyvənd dayandırılıb və həmin ildən sonra doğulan şəxslərdə immunitet yoxdur.
Meymunçiçəyi qızdırma, intoksikasiya, şişkin limfa düyünləri və xoraya çevrilən səpgilərə səbəb olan nadir virus xəstəliyidir. Virus gəmiricilər və primatlar kimi vəhşi heyvanlardan ötürülür və insandan insana da keçə bilər. Yüngül hallarda xəstəlik 2-3 həftə ərzində öz-özünə keçir.
Avqustun 14-də Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri Tedros Adhanom Qabreyesus Afrikada meymunçiçəyi epidemiyasını beynəlxalq narahatlıq doğuran ictimai səhiyyə fövqəladə vəziyyəti elan edib.