Vergi Məcəlləsinə edilən dəyişikliklərə əsasən, mədəniyyət sektorunda yeni vergi güzəştlərinin tətbiqinə başlanılıb.
Yanvardan mədəniyyət sektorunda da əlavə dəyər vergisi (ƏDV) geri qaytarılır. Belə ki, teatr tamaşaları, film nümayişi, muzey ziyarəti və simfonik orkestrin konserti sahəsində göstərilən xidmətlərə görə nağdsız qaydada ödənilən ƏDV-nin 50 faizi ("ƏDVcashback") geri qaytarılır. Yəni, mədəniyyət xidmətləri üzrə də artıq keşbek təbiq olunur.
İqtisadçı deputat Vüqar Bayramov bildirib ki, yeni dəyişikliklərdə məqsəd daha çox sərmayələr cəlb etməklə bu sektorun inkişafını stimullaşdırmaqdır. Eyni zamanda, bu yenilik mədəniyyət sektorunda bir sıra xidmətlərin xərclərinin azalmasına və eləcə də qiymətin aşağı düşməsinə səbəb ola bilər.
Digər dəyişikliyə əsasən, bu aydan etibarən mədəniyyət sektorunda 5 il müddətinə torpaq vergisindən tam, mənfəət (gəlir) vergisindən 90 faiz azadolma verilməyə başlanılıb. Eyni zamanda, mənfəət (gəlir) vergisi üzrə güzəştin həcmi artırılaraq 75 faiz güzəşt 90 faizə qaldırıldı. Mövcud qanunveiricliklə güzəşt verilən subyektlərin sayı 1-dən 5-ə çatdırılıb. Güzəştdən istifadə edənlərin siyahısına teatr, muzey, simfonik orkestr və film prodüseri da əlavə edilib.