Səhər qəzeti

Azərbaycan vəkilləri peşə bayramını qeyd edir

Tarix:Dünən, 15:27
Baxış Sayı:0

 

Bu gün Azərbaycanda vəkillərin peşə bayramı günüdür.

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 25 dekabr 2019-cu il tarixli Sərəncamı ilə hər il dekabrın 28-nin ölkəmizdə “Vəkil Günü” peşə bayramı kimi qeyd edilməsi qərara alınıb.

“Vəkil Günü” xalqımızın Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü ilə qəbul edilən və müstəqil vəkillik institutunun əsasını qoyan 28 dekabr 1999-cu il tarixli “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunla bağlıdır.

Bu gün ölkəmizdə vəkillik institutu müstəqil hüquqi təsisat kimi böyük nüfuza malikdir. Vəkillər ədalət mühakiməsinin həyata keçirilməsində mühüm rol oyanır. Məhz bu sahədə aparılan uğurlu islahatlar nəticəsində vəkillərin sayının əhəmiyyətli dərəcədə artmasına nail olunub. Belə ki, son 7 il ərzində isə 14 yazılı test imtahanı keçirilib və vəkillərin sayı 3 dəfəyədək artıb. Hazırda ölkəmizdə 2502 vəkil fəaliyyət göstərir. Onlardan 2003 nəfəri kişi, 499 nəfəri qadındır. Həmin şəxslərdən 2033 nəfəri Bakıda, 469 nəfəri isə regionlarda fəaliyyət göstərir.

Eyni zamanda ötən müddət ərzində ölkəmizdə vəkil bürolarının sayı da artaraq 138-ə çatıb. Vəkil bürolarında beynəlxalq standartlara cavab verən və vətəndaşların keyfiyyətli hüquqi yardım almasını təmin edən şərait yaradılıb.

Vəkillər Kollegiyası bölgələrdə də vəkilliyin daha da güclənməsinə xüsusi önəm verir. Həmçinin son illərdə Naxçıvan Muxtar Respublikasında vəkillərin sayının artırılması prioritetlərdən birinə çevrilib.

Vəkillər Kollegiyası beynəlxalq əməkdaşlığın gücləndirilməsi istiqamətində də mühüm uğurlar əldə edib. Kollegiya demək olar ki, bütün beynəlxalq vəkil təşkilatlarının üzvüdür. Bu isə o deməkdir ki, ölkəmizdə müstəqil vəkillik peşəsi və Kollegiyası mövcuddur. Qurulan əməkdaşlıq nəticəsində xaricdəki Azərbaycan vətəndaşlarının problemlərinin həllinə də töhfə verilir. Eyni zamanda, ölkəmizin haqlı mövqeyi beynəlxalq səviyyədə təşkilatların diqqətinə çatdırılır.

Ölkədə vəkilliyin nüfuzu, onun gücləndirilməsi, modernləşdirilməsi və vəkillik fəaliyyətinin təminatı Vəkillər Kollegiyası üçün ən vacib məsələlərdən biridir.

Azərbaycanda vəkillik sahəsində aparılan islahatların əsas hədəfi vətəndaş məmnunluğunun artırılması ilə bağlıdır.

Digər xəbərlər
XƏBƏR LENTİ