Səhər qəzeti

İsrail-Azərbaycan münasibətlərini hədəfə alan təxribat: Hiyləgər plan harada hazırlanıb?

Tarix:14-08-2024, 20:31
Baxış Sayı:3

 

İsrail-İran gərginliyində Azərbaycanın adının hallandırılması yeni deyil. Son belə xəbərlərin birində İran Prezidenti Məsud Pezeşkianın İsrailə deyil, İsrailin Azərbaycan və Şimali İraqdakı obyektlərinə zərbə endirməyi təklif etdiyi deyilirdi. Xəbərdəki “İsrail obyektləri” haqda iddia Azərbaycan tərəfindən təkzib olunduqdan az sonra növbəti informasiya təxribatı baş verdi. Bu dəfə məlumat yayıldı ki, İsrail Müdafiə Nazirliyi İrandan gələn hücum təhlükəsi fonunda öz əsgərlərinə Azərbaycan və Gürcüstanda qalmağı qadağan edib. Bu barədə TASS İsrailin “Kan” dövlət televiziya və radio şirkətinə istinadən məlumat yaymışdı. Bildirilirdi ki, ordu rəhbərliyinin əmrinə əsasən, hazırda Cənubi Qafqazın bu iki respublikasında olan israillilər dərhal İsrailə qayıtmalıdırlar.

İsraillilərə Azərbaycanı və Gürcüstanı tərk etmək əmri haqqında xəbər yalnız telekanalın saytında yayılıb. Teleqram kanalında xəbər avqustun 12-nə keçən gecə yerləşdirilib, lakin nə İsrail ordusunun mətbuat xidmətində, nə İsrailin digər KİV-lərində əmrin özünə istinad yoxdur. İsrail ordusunun mətbuat xidməti “Vesty.co.il” saytının sorğusuna cavab olaraq bildirib ki, daim vəziyyəti qiymətləndirir, hərbiçilərin girişinə icazə verilən ölkələr haqqında məlumatları yeniləyirlər. Yəni ordu "11KAN" telekanalının məlumatı nə təsdiq, nə də təkzib edilib. İsrailin Azərbaycandakı səfirliyi “Turan” agentliyinin sorğusuna cavabda bu məsələ ilə bağlı şərhi olmadığını bildirib.

Ancaq mövzu ilə bağlı İsrail mediasının məlumatlarını nəzərdən keçirəndə TASS-ın qəribə hiyləsi ortaya çıxır. Əvvələn, İsrail ordusu xaricə səyahət edən bütün hərbçilərə məhdudiyyətlər qoyur. Bu addım ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) Yaxın Şərqdəki bazaları “Georgia” atom sualtı gəmisi ilə təchiz edəcəyi və “Abraham Linkoln” təyyarədaşıyan gəmisinin bölgəyə hərəkətini elan etdikdən sonra atılıb. Yəni söhbət yüksək hərbi hazırlıq şəraitində xidmətdə olan və sabiq hərbçilərin vətənə çağırlmasından gedir ki, bu da müvafiq hərbi birliklərdə komplektləşdirmə zərurəti ilə bağlıdır.

İkincisi, İsrail Yayım Korporasiyası (Kan News) xəbər verir ki, ordu bütövlükdə bazar günü Gürcüstanda və ya Azərbaycanda olan bütün vəzifədən kənar əsgərlərə dərhal İsrailə qayıtmaq əmri verib. İsrail ordusu İranın onlara qarşı cavab əməliyyatları keçirəcəyindən ehtiyat edir. Qeyd edilir ki, Gürcüstan və Azərbaycan İranla qonşuluqda yerləşir, bu ölkələrdə İran vətəndaşları yaşayır və Azərbaycanın İranla ümumi sərhədi var, orda istirahət edən, tətil keçirən keçmiş və indiki hərbçilər də İran təxribatları üçün daha əlçatandır. Yəni İran israilli hərbçiləri legitim hədəf elan etdiyindən, istər həqiqi xidmətdə olan, istərsə də xidmətini başa vurmuş hərbçiləri qorumaq, İran təxribatları üçün əl çata bilən ölkələrə səfər etməkdən çəkindirməyə çalışır. Əvvəllər belə müraciətlər ərəb ölkələri və Türkiyə ilə də bağlı olub. Bir sözlə, məntiqdən kənar, qeyri -adi bir çağırış deyil. Bəzilərinin iddia etdiyi kimi, İsrailin guya Azərbaycanla qonşuların münasibətlərini gərginləşdirməyə hesablanmış psixoloji savaş elementi deyil. Hərçənd belə təşəbbüs var, həm də başqa ölkələr tərəfindən.

Birincisi, TASS məlumatın təfərrüatını bir kənara ataraq “İsrail öz əsgərlərini geri çağırır” kimi təqdim etdikdən sonra xəbər mənbəyinə baxmadan İran, ərəb və qəribə də olsa bəzi türk KİV-lərində geniş tirajlanıb. Məlumatın ilkin məzmunu bu “redaktə əməliyyatı” ilə təhrif edilib. 2020-ci il yayında Tovuz istiqamətində toqquşmalardan sonra, eləcə də II Qarabağ savaşının gedişində və sonralar Azərbaycanla bağlı çoxsaylı dezinformasiyaların mənbəyi də məhz TASS idi. Bu haqda o zamanlar geniş məlumat vermişik (https://kafkassam.com/tovuz-doyusl%c9%99ri-xaricd%c9%99n-nec%c9%99-gorunur.html ). İkincisi, İran KİV-ləri daha irəli gedərək bunu Azərbaycanda İsrail hərbi bazalarının mövcudluğunun sübutu kimi təqdim edir. Nə qədər qəribə də olsa, bizim bəzi KİV-lər də bu informasiya tələsinə düşərək yersiz şərh və bəyanatla çıxış edir. Amma nədənsə son dezinformasiya ilə bağlı bəyanat və şərhlərdə TASS-ın anti-Azərbaycan fəaliyyətinə toxunulmur və qınaqdan uzaq çıxarılır.

Digər xəbərlər
XƏBƏR LENTİ