Səhər qəzeti

Ermənistanın məxfi saxladığı sənəd: 4 kənd də qaytarılacaq

Tarix:14-08-2024, 13:50
Baxış Sayı:2

 

Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiya və demarkasiyası prinsiplərinə dair sənədin iyulun 1-nə qədər imzalanması nəzərdə tutulsa da, bu, baş tutmadı. Tərəflərin rəsmi açıqlamasında danışıqların davam etdirildiyi qeyd olunur. Sənədin imzalanmamasının səbəbləri haqda müəyyən ehtimallar irəli sürmək mümkündür: Ermənistan sərhədin bütün hissələrinin delimitasiyasında Alma-Ata bəyannaməsinə istinad edilməsini, yəni SSRİ dağılanda mövcud olan xətlərin əsas götürülməsini istəyir. Ki, bu, Azərbaycanın gündəliyinə uyğun deyil.

Sənədin imzalanmaması Ermənistanda narahatlıq yaradır.

Ermənistan baş nazirinin müavini, sərhəd demarkasiyası komissiyasının sədri Mher Qriqoryanın ofisi “Azadlıq” radiosunun erməni xidmətinin sənədin imzalanmasının gecikməsi haqda sorğusuna dəqiq cavab verməyib. Qriqoryanın ofisindən bildirilib ki, danışıqlar davam etdirilir.

“Reqlamentin razılaşdırılması ilə bağlı danışıqlar konstruktiv şəkildə davam edir”, - rəsmi açıqlamada qeyd olunur.

Ermənistan parlamentinin “Şərəfim var” fraksiyasından olan deputatı Tiqran Abramyan sərhədin delimitasiyası və sülh sazişi ilə bağlı danışıqların məxfi saxlanılmasının qəbuledilməz olduğunu deyib. Onun fikrincə, Ermənistan hökuməti 4 kəndi (Qazaxın anklav olmayan kəndləri) qaytardıqdan sonra heç nə qazanmadığı, əksinə, yeni güzəştlərə hazırlaşdığı üçün məxfiliyi qoruyur.

“Azərbaycan 4 kəndin qaytarılmasını tələb edəndə Ermənistan hakimiyyəti qarşılığında 31 kənd (?) məsələsini irəli sürəcəyini deyirdi. Lakin danışıqlar əslində bununla bağlı olmayıb. Zaman göstərdi ki, Azərbaycan açıq-aşkar tələb qoyub və Ermənistan bu tələblərin icrasını delimitasiya adı altında həyata keçirib”, - o iddia edib.

Abramyan hesab edir ki, Ermənistan sərhədlə bağlı reqlamenti imzalamadan anklav olan 4 kəndi (Kərki və Qazaxın 3 kəndi-red.) də qaytara bilər.

“İstisna etmirəm ki, İrəvan və Bakı reqlamenti təsdiq etmədən anklavlar məsələsini müzakirə edəcək. Elə bir vəziyyət yarana bilər ki, Azərbaycan təzyiqləri kəskin artıracaq və 4 anklavı ümumi paketdən çıxararaq, qaytarılmasını tələb edəcək. Ermənistan da bununla razılaşacaq”, - erməni deputat bildirib.

Digər xəbərlər
XƏBƏR LENTİ