Baltik dənizində Finlandiya və Almaniyanı birləşdirən sualtı telekommunikasiya kabelinin kəsildiyi, Litva ilə İsveç arasındakı sualtı kabelin də zədələndiyi açıqlanıb.
Hadisələrin inkişafından sonra Finlandiya və Almaniyanın xarici işlər nazirləri birgə bəyanat yayaraq hibrid müharibə ilə bağlı xəbərdarlıq ediblər.
Rabitə infrastrukturunun sıradan çıxarılmasına yönəlmiş təxribat əməliyyatlarına qarşı xəbərdarlıqların artdığı bir vaxtda Baltik dənizində iki ayrı məlumat kabeli kəsilib.
Finlandiya ilə Almaniya arasında təxminən 1200 km uzunluğunda olan “C-Lion1” məlumat kabelinin bazar ertəsi səhər tezdən kəsildiyi açıqlanıb.
Finlandiya operatoru "Cinia Oy" tərəfindən edilən açıqlamada Helsinki-Rostok xəttində fiber optik əlaqə kabelinin tamamilə qırılmış ola biləcəyi açıqlanıb. Bağlantının kəsilməsi ilə saniyədə 144 terabit məlumat daşıyan xəttdən istifadə edən bütün xidmətlər sıradan çıxıb.
“Cinia Oy” şirkətinin baş direktoru Ari-Jussi Knaapila problemin səbəbinin tam aydınlaşdırılmadığını və insidentlə bağlı araşdırmalarının davam etdiyini açıqlayıb.
Hələlik sualtı təmir prosesinin nə qədər vaxt aparacağı dəqiq bilinmir.