Rusiya İnsan Sağlamlığı və İstehlakçıların Müdafiəsi Agentliyi (Rospotrebnadzor) Türkiyədə istirahət edən rus turistlərin virusa yoluxduğunu iddia edərək Ankaradan izahat istəyib.
Agentlik rusiyalı turistlərin “naməlum virus” şikayətləri ilə bağlı Türkiyə Səhiyyə Nazirliyinə müraciət edib.
Rospotrebnadzor məsələnin ciddi nəzarət altında olduğunu vurğulayaraq, turistlərə profilaktik tədbirlər çərçivəsində gigiyena tədbirlərinə də laqeyd qalmamağı xatırladıb.
Rusiya səlahiyyətliləri ictimai yerlərdə, yeməkdən əvvəl və tualetə getdikdən sonra əlləri yaxşıca yumağı, qaynadılmış sudan istifadə etməyi, meyvə və tərəvəzləri bu şəkildə təmizləməyi tövsiyə edib. Həmçinin bildirilib ki, tənəffüs yolu və ya bağırsaq infeksiyası əlamətləri olan insanlarla təmasdan çəkinmək məsləhət görülüb.
“SHOT” Teleqram kanalının məlumatına görə, son günlər Türkiyənin Belek qəsəbəsindəki bəzi otellərdə qalan onlarla rus turist yüksək hərarət kimi əlamətlərlə yerli xəstəxanalara müraciət edib. Lakin Antalya vilayətinin səlahiyyətliləri və Belekdəki “Sirene Belek” otelinin rəhbərliyi turistlərin virusla bağlı iddialarını təkzib edib.