Yunanıstan Şərqi Egey və Aralıq dənizində təxribat xarakterli hərəkətlərinə davam edir.
Bu barədə "Haber Global" "YouTube" kanalında yayımlanan videomaterialda bəhs edilir.
"Yunanıstan tərəfdar çıxdığı beynəlxalq müqavilələrə zidd addımlar atmaqda davam edir. İyul ayında Antalyanın Kaş rayonuna 2.1 kilometr məsafədə olan Meis adası yaxınlığındakı qayalıqların üzərində yanalma körpüsü inşa edilmişdi. Hətta daha sonra katamaran sərnişin gəmisi də ilk səfərini həyata keçirmişdi. Bu çərçivədə iyul ayında təşkil olunan mərasimə yunanıstanlı səlahiyyətlilər və bir qrup turist də qatılmışdı.
Bu dəfə isə yaşayış məntəqəsi olmayan, mismar belə vurulmamalı olan başqa bir adaya - Kaş rayonuna 1600 metr uzaqlıqdakı Çamara adasına bərə ilə tikinti maşınları, asfalttökmə alətləri və avadanlıqları gətirilib, asfalt yolun inşasına başlanılıb. Halbuki "Lozanna" müqaviləsinə (1923-cü il iyulun 24-də Türkiyə ilə Qərb dövlətləri arasında imzalanan müqavilə. Bununla, yüz illərlə davam edən türk-yunan ixtilafı qismən həllini tapıb və iki dövlət arasındakı sərhəd dəqiqləşdirilib. Egey dənizindəki xırda adalar bölüşdürülüb - red.) əsasən, bu adalara mismar belə vurulmamalıdır.
Bir yandan Türkiyə ilə münasibətlərin nizamlanması istiqamətində addımlar atan Yunanıstan digər yandan təxribat xarakterli hərəkətlərinə davam edir", - deyə materialda bildirilib.